31 mart 2012 16:45
Futbol ictimaiyyətini üzən növbəti xəbər
İngiltərənin “Aston Villa” klubunun futbolçusu Stilian Petrov ağır xəstəliyə yoluxub. Azerisport.az xəbər verir ki, həkimlər bolqar futbolçuya xərçəng diaqnozu qoyub.
“Aston Villa”nın yaydığı rəsmi açıqlamada bildirilir ki, Petrov qan xərçənginə yoluxub: “Stilian ötən şənbə günü “Arsenal” matçının ardından yüksək tempraturdan şikayətlənib və dərhal həkim müayinəsindən keçirilib. Analizlərdən sonra Petrova qan xərçəngi diaqnozu qoyulub. Qarşıda onu uzun müalicə prosesi gözləyir. Bu müddətdə Stilianın şəxsi həyatına hörmət edilməsi ən önəmli məsələdi. Onun azarkeşlərin sevgi və dəstəyi sayəsində həyata daha böyük segi ilə bağlanacağına inanırıq”.
Qeyd edək ki, 32 yaşlı bolqar yarımmüdafiəçi “Aston Villa”ya 2006-cı ildə “Seltik”dən keçib. O, vətənində Sofiya ÇSKA-sının şərəfini qoruyub. Bolqarıstan yığmasında 105 oyun keçirib 8 qol vuran Petrov Bolqarıstan çempionluğunu (1 dəfə), kubokunu (1), həmçinin Şotlandiya çempionluğunu (4), kubokunu (2), Liqa Kubokunu (2) və İngiltərə Liqa Kubokunu (1) qazanıb, 2003-cü ildə “Seltik”lə UEFA Kubokunun finalında çıxış edib.
