2 aprel 2012 17:23
İnter AFFA və PFL-ə Elçin Məmmədovdan şikayət etdi
“İnter” rəhbərliyi dünən Premyer Liqanın 26-CI turu çərçivəsində keçirilən “Xəzər Lənkəran” – “İnter” matçınının hakimlər briqadasının idarəçiliyilə bağlı AFFA və PFL rəhbərliyinə müraciət edib. Azerisport.az müraciətin mətinini təqdim edir:
“Premyer Liqanın 26-cı turu çərçivəsində “Xəzər Lənkəran” və “İnter” komandaları arasında 1 apreldə keçirilən oyunda Elçin Məmmədovun rəhbərliyi altında qarşılaşmanı idarə edən hakimlər briqadası tərəfindən idman mübarizəsinin prinsiplərinə uyğun gəlməyən hərəkətlərə yol verilib.
Belə ki, matçın 41-ci dəqiqəsində Əziz Quliyevə ikinci sarı vərəqə göstərilməsinə və penalti təyin edilməsinə etirazımızı bildiririk. Bundan başqa, “İnter” futbol komandasının müdafiəçisi Valeri Abramidze zədə aldığına görə yerə yıxılmasına baxmayaraq, baş hakim Elçin Məmmədov qeyri-adekvat davranış nümayiş etdirib. Oyunçunun simulyasiya etdiyini iddia edən Elçin Məmmədov matçın 28-ci dəqiqəsində Valeri Abramidzeyə sarı vərəqə göstərməklə yanaşı, həkimlərin meydançaya daxil olmasına imkan verməyib və onun bu hərəkəti nəticəsində yaranmış fasiləyə görə hər iki komandanın üzvləri arasında gərgin anlar yaşanıb. Bundan əlavə, Elçin Məmmədov oyunun əhəmiyyətli dəqiqələrində (85-ci dəqiqə) matçın onsuz da gərgin olan atmosferinə mənfi təsir göstərən addım ataraq, “İnter”in müdafiəçisi Valeri Abramidzeyə qırmızı vərəqə göstərib. Səbəb kimi hakimi təhqir etmək göstərilsə də, Valeri Abramidze oyunun gedişinə emosional etirazını bildirib və konkret olaraq kimisə təhqir etməyib.
“İnter” Peşəkar İdman Klubunun rəhbərliyi baş hakimin bu tərz davranışını hər iki komandanın arasında yaranmış qarşılıqlı hörmətə əsaslanan münasibətlərə kölgə salmağa və münaqişəyə zəmin yaratmağa yönəlmiş cəhd kimi xarakterizə edir və belə hakim idarəçiliyinin ədalətli idman mübarizənin ruhuna zidd olmaqla bərabər, Azərbaycanda futbolun inkişafına mənfi təsir göstərən amillər sırasında olduğunu hesab edir.
Biz baş hakim Elçin Məmmədovun oyunun ümumi idarəçiliyinə qiymət verilməsini, o cümlədən “İnter” futbol komandasının üzvləri Əziz Quliyevə və Valeri Abramidzeyə göstərilən qırmızı vərəqələrin ləğv edilməsi məsələsinə baxılmasını xahiş edir və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının səlahiyyətli orqanlarının hakim idarəçiliyində belə mənfi halların gələcəkdə baş verməməsi üçün zəruri addımlar atacağına ümid bəsləyirik”.
