2 aprel 2012 18:31
İnter Lənkərandakı qalmaqala münasibət bildirdi
“İnter” “Xəzər Lənkəran”la oyundan sonrakı insdentlə bağlı açıqlama yayıb. Azerisport.az açıqlamanı olduğu kimi təqdim edir:
“Dünən keçirilən “Xəzər Lənkəran” – “İnter” görüşündən sonra iki komandanın baş məşqçiləri arasında xoşagəlməz insident baş vermişdi. Əfsuslar olsun ki, bu insident gözlənilməz şəkildə Azərbaycanda fəaliyyət göstərən bəzi idman-informasiya portallarının bugünki başlıqlarında öz davamını tapdı.
Qeyd etmək istərdik ki, “İnter”in çalışdırıcısı Kaxaber Tsxadadze həmkarının ünvanına səsləndirdiyi fikirlərdə heç bir təhqiramiz ifadələr yer almamışdı, o, ancaq hakimlik barədə öz narazılığını bildirmişdi. “İnter” Peşəkar İdman Klubu bu gün də “Xəzər Lənkəran” klubuna və bu klubda çalışan hər bir insana hörmətlə yanaşır. Xatırladaq ki, bu komandalar arasında Lənkəranda baş tutan ikinci dövrənin qarşılaşmasında tribunadan atılan daşın Kaxaber Tsxadadzenin başına dəyməsinə baxmayaraq, “İnter” klubu hadısəni şişirtməmiş, məşqçinin özü isə bu barədə mətbuata açıqlama verməkdən imtina etmişdi.
Hesab edirik ki, indi sakitləşmək və sözügedən hadisənin ətrafında yaranmış süni ajiotajın artmasına imkan verməmək lazımdı. Onsuz da hami bilir ki, Kaxaber Tsxadadze hansı klublarda futbolçu kimi çıxış etmiş və məşqçilik karyerasında hansı uğurlara imza atmışdır. Bunu bilməyənlər isə “Google” və “Vikipediya”dan özlərini məlumatlandıra bilərlər.
Aralarındakı söhbətləri informasiya meydanında həll etmək və bunu həyata keçirmələrlə “İnter”in, həmçinin Kaxaber Tsxadadzenin xoşlamayanlara əlavə “qida” verməyə lüzum yoxdu. Onsuz da, bundan Azərbaycan futboluna bir xeyir gələn deyil”.
