3 aprel 2012 14:44
Xəzər Lənkəran mart sindromuna son qoydu
Premyer Liqanın 26-cı turunun “İnter”lə oyununda 2:0 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” uğursuz seriyaya son qoyub. Azerisport.az xəbər verir ki, komanda son 5 matçda qələbə qazana bilmirdi.
Cəmi 25 gün əvvəl – martın 7-də səfərdə “Turan”ı 1:0 hesabı ilə üstələdikdən sonra “Xəzər Lənkəran” 5 qarşılaşmaya çıxmışdı. Lakin bu qarşılaşmalarda komanda qələbəsizlik sindromuna düçar olmuşdu. Nəhayət ki, bu sindromu qıran “ağ-yaşıllar” bu dəfə öz meydanında – “İnter”lə görüşdə 3 xalı bayram etdi.
Qeyd edək ki, XL Premyer Liqada martın 11-də səfərdə “Qarabağ”a, 8 gün sonra evdə “Bakı”ya hər ikisində 0:1 hesabı ilə məğlub olduqdan sonra martın 24-də “Neftçi”nin meydanından xalla dönmüşdü – 1:1. “İnter”lə martın 14 və 28-dəki kubok matçları isə uğursuz alınmışdı – 2:3 və 1:1.
