3 aprel 2012 14:57
Neftçi, XL, AZAL və Kəpəz kubok oyunlarına görə cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qanun pozuntularına dair aşağıdakı qərarlar qəbul edilib:
AZAL – “Bakı” matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 45+1-ci dəqiqəsində AZAL-ın futbolçusu Nuqzar Kvirtiya kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
“Neftçi” – “Kəpəz” matçı başa çatdıqdan sonra matçın protokolunda “Neftçi” klubu matçın yekunu ilə bağlı öz etirazını bildirib. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra aşağıdakı cərimə və cəzaları tətbiq edib:
Matçın 79-cu dəqiqəsində “Kəpəz”in futbolçusu Əli İsmayılov “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidova qarşı aqressiv hərəkət etdiyinə görə, “Neftçi” klubunun futbolçusu isə onu təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, “Kəpəz” 3000 manat, “Neftçi” isə 2000 manat cərimə olunub. Hər iki futbolçuya verilmiş cəzanın 1 oyunu şərti cəza kimi tətbiq edilir və hər iki futbolçuya 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Oyunun 80-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “İnter” matçının 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
