3 aprel 2012 15:08
AFFA-dan XL - İnter matçı ilə bağlı sərt qərarlar və hakim haqda ölçü tələbi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 26-cı turunun oyunlarında qeydə alınan qanun pozuntularına dair aşağıdakı qərarlar qəbul edilib:
“Xəzər Lənkəran” – “İnter” matçı başa çatdıqdan sonra “İnter” klubu hakimliklə bağlı öz etirazını bildirib. İntizam Komitəsi rəsmi sənədləri və matçın videoyazısını izlədikdən sonra aşağıdakı cərimə və cəzaları tətbiq edib:
“Xəzər Lənkəran”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 28-ci və 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyunun 41-ci dəqiqəsində “İnter”in futbolçusu Əziz Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 74-cü dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Stefan Bates əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Matçın 85-ci dəqiqəsində “İnter”in futbolçusu Valeri Abramidze hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Futbolçuya verilmiş cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilir və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.
Oyun başa çatdıqdan sonra hər iki klubun baş məşqçisi bir-birinə qarşı qeyri-etik munasibət bildirdiyi üçün hər iki məqşçiyə ciddi xəbərdarlıq edilir. Analoji hadisənin baş verəcəyi təqdirdə hər iki məqşçi ciddi cəzalanacaq.
Matçın hakimi haqqında Hakimlər Komitəsi, matçın hakim-inspektoru haqqında isə Hakim-İnspektorlar Komitəsi lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
“Bakı” – “Qəbələ” matçının 58-ci dəqiqəsində “Bakı”nın nümayəndəsi Vüqar Əliyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün adıçəkilən şəxs 1 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“Qarabağ” – “Neftçi” matçının 8-ci dəqiqəsində “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.
