4 aprel 2012 00:07
Ayın oyunçusu Qəbələdə mükafatlandırılacaq
Premyer Liqada mart ayının ən yaxşı futbolçusu Qəbələ şəhər stadionunda mükafatlandırılacaq. Azerisport.az xəbər verir ki, jurnalistlər, futbol klublarının baş məşqçiləri və kapitanları arasında aparılmış sorğu nəticəsində “Qəbələ”nin hücumçusu Yannik Kamanan ayın oyunçusu seçilib.
31 yaşlı hücumçuya mükafat ilk dəfə oyun vaxtı təqdim olunacaq. Bu məqsədlə Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri jurnalistlərlə birgə aprelin 7-də səfərə çıxacaq. Onlar həmin gün Premyer Liqanın 27-ci turu çərçivəsində “Qəbələ” ilə “Xəzər Lənkəran” arasında baş tutacaq oyunu izləyəcək. Qarşılaşmadan öncə fransalı forvarda 1111 manat pul mükafatı, PFL-dən isə qiymətli hədiyyə təqdim olunacaq.
Qeyd edək ki, Yannik Kamanan martda “Qəbələ”nin uğurlarında böyük pay sahibi olub. O, ötən ay Premyer Liqada 6 qola imza atıb. (lent.az)
