4 aprel 2012 17:14
DÇ-2012-nin təbliğatı davam edir (FOTOLAR)
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Dövlət Neft Akademiyasında tələbələrlə görüş keçiriblər. Azerisport.az xəbər verir ki, tədbiri giriş sözü ilə ADNA-nın Təlim-Tərbiyə İşləri üzrə prorektoru Qasım Məmmədov acaraq, Azərbaycanda 2012-ci ilin “İdman İli” elan olunmasının və FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin önəmini qeyd edib.
Çempionatın ümumi təqdimatının və könüllülük proqramının təqdim edildiyi tədbirdə tələbələrə çempionata hazırlıq çərçivəsində görülən işlər haqda məlumat verilib, bu tip beynəlxalq turnirin ölkəmiz üçün əhəmiyyəti barədə müzakirələr aparılıb. Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması barədə məlumatlandırılıblar.
200-ə yaxın tələbənin iştirak etdiyi tədbirdə gənclərə dünya çempionatında onlar üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın səmərəsi, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı məlumat verilib. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran tələbələr dünya çempionatını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanıb.
