6 aprel 2012 14:12
Vaqif Sadıqov: Bu heyəti saxlamaq istəyirəm
Xəbər verdiyimiz kimi, bu gün Vaqif Sadıqov AZAL-la iki illik müqavilə imzalayıb. Təcrübəli mütəxəssis baş məşqçi təyinatından sonrakı ilk müsahibəsini azerisport.az saytına verib.
O, təyinatına münasibət bildirərkən öncə bunları dilə gətirib: “Mənə təklif gəldi. Klub prezidenti ilə görüşüb, söhbətləşdim. Nəticədə komandanı çalışdırmağa qərar verdim”.
Sadıqovun fikrincə, klubun yaxşı nəticələr qazanmaq üçün potensialı mövcuddu: “Burda hər kəs yüksək uğurlar qazanmaq istəyir. Həm rəhbərlik, həm oyunçular. İnfrastruktur əla vəziyyətdədi. Mənə sadəcə rəqabətə davamlı kollektiv yaratmaq qalır”.
Təcrübəli mütəxəssis diqqəti hələlik komandasıyla tanışlığa yönəltdiyini deyir: “Mən bütün futbolçulara inam bəsləyirəm. Bu heyəti saxlamaq istəyirəm. Çünki hazırda AZAL-da layiqli futbolçular cəmləşib. Bu heyətlə böyük uğurlara imza atmaq olar. Hələlik isə mövsümü daha yaxşı şəkildə başa vurmaq üçün çalışmalıyıq. AZAL yeddinci pilləyə layiq olmasa da, klubun imici xatirinə mövsümü ən azı bu pillədə başa vurmalıyıq. Buna görə də qalan altı oyun bizim üçün çox vacib əhəmiyyət daşıyır”.
