7 aprel 2012 11:18
Premyer Liqa, 27-ci tur: Elxan Abdullayevin proqnozu
AZAL-ın sabiq baş məşqçisi Elxan Abdullayev azerisport.az saytı üçün Premyer Liqanın 27-ci turunun oyunlarına proqnozlarını açıqlayıb.
İnter – Qarabağ
“Qarabağ” hazırda sabit oyun sərgilədiyi halda, eyni sözləri “İnter” barədə söyləmək olmaz. “Bankirlər” yenə altılıq mərhələsində sindromla üzləşməkdədilər. Düşünürəm ki, bu oyunda ya heç-heçə qeydə alınacaq, ya da “Qarabağ” qələbə qazanacaq. Sonuncu mənə daha inandırıcı görünür.
Qəbələ - Xəzər Lənkəran
“Xəzər Lənkəran”a Yunis Hüseynovun gəlməsi komanda üzvləri üçün bir növ yeni motivasiyadı. Ümumiyyətlə, kluba yerli mütəxəssisin təyin olunması çox xoşdu. Amma “Qəbələ” də son dövrlər çox yaxşı oyun sərgiləyir. Lənkəranlıların qələbə qazanacağını gözləyirəm.
Neftçi – Bakı
İnanmıram ki, “Neftçi” paytaxt derbisində məğlub ola. Amma burda kimin qələbə qazanacağını da söyləmək çətindi. Ümumiyyətlə, ilk altılıq oyunlarına proqnoz vermək asan deyil. Məsələn, bu oyunda heç doğma meydan amili də böyük əhəmiyyət kəsb etmir. Çünki hər iki komanda Bakını təmsil edir. Yeri gəlmişkən, “Bakı”ya da Novruz Əzimovun rəhbərlik etməsi çox xoşdu. Matça gəlincə, “Neftçi”nin qələbə qazanmaq şanslarını daha yüksək qiymətləndirirəm.
Turan – Kəpəz
“Kəpəz” son dövrlərdə çox yaxşı oyun sərgiləyir. Sadəcə, gəncəlilərin səfər oyunlarında bir qədər qeyri-sabitlik var. Mənim fikrimcə, bu oyunda heç-heçə olacaq.
Rəvan – Simurq
Hər iki komanda eyni gücə malikdi. Amma hazırkı məqamda mən üstünlüyü paytaxt təmsilçisinə verərdim. Fikrimcə, “Rəvan” qələbə qazanacaq.
AZAL - Sumqayıt
AZAL-da baş verən son hadisələri nəzərə alsaq, bunun komandanın lehinə və ya əleyhinə işləyəcəyi hələ məlum deyil. Amma mən yenə üstünlüyü AZAL-a verirəm. Çünki “Sumqayıt” mübahisəsiz olaraq çempionatın aşkar autsayderidi. “Təyyarəçilər” meydana optimal heyətlə çıxsalar, qələbə onların olacaq.
