8 aprel 2012 19:44
Joze Alesio: Belə oyunlar öncəsi mən yatmıram
Futzal üzrə Azərbaycan yığmasının baş məşqçisi Joze Alesio dünya çempionatına vəsiqə uğrunda Rusiya millisinə qarşı keçirəcəkləri cavab pley-off oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən Tümendə keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Sabah keçiriləcək oyun çox maraqlı olacaq. Çünki dünyanın ən güclü yığmalarından birinə qarşı mübarizə aparacağıq. Bakıda yaxşı oyun göstərsək də, məğlub olduq. Sabah revanş almağa çalışacağıq. Buna nə dərəcədə nail olacağımızı oyun göstərəcək. Qələbəyə oynayacağıq. Təəssüf ki, belə həlledici oyuna çox ciddi itkilərlə gəlmişik. Buna baxmayaraq, ümid edirəm ki, itkilərimiz oyunumuza güclü təsir göstərməyəcək. Şadam ki, belə çətin bir durumda Kakanın bizə kömək etməsinə nail ola bildim. Onun karyerasını yenidən bərpa etmiş oldum. O, mənə çox kömək edir. Belə oyunlar ərəfəsində mən yatmıram. Oyunların videoyazısına baxıb, analizlər aparacağam”.
Braziliyalı mütəxəssis yığmamızın üzvləri ilə aralarındakı dil səddindən də danışıb: “Yığmada biz daha çox rus dilindən, bəzən də portuqal dilindən istifadə edirik. Bəzi azərbaycanlılar portuqal dilindəki sözləri başa düşürlər və bizimlə rahatlıqla ünsiyyət qura bilirlər. Hərdən də jestlərlə danışmalı oluruq və bu baxımdan heç bir problemimiz olmur”.
