9 aprel 2012 15:43
Adrian Pit: Biz çempionluğa oynayırıq
“Xəzər Lənkəran”ın rumıniyalı legioneri Adrian Pit azerisport.az saytına müsahibəsində komandasının çıxışını dəyərləndirib. Təcrübəli futbolçu öncə Premyer Liqanın 27-ci turunun “Qəbələ” üzərində qələbə qazandıqları (1:0) görüşündən danışıb:
“Bizim üçün bu oyun çox çətin keçdi. Həm yaxşı, həm də xoş olmayan anlar oldu. Amma şadam ki, hər şeyə rəğmən, qələbə qazanmağı bacardıq. Çünki qazandığımız növbəti üç xalla turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdırdıq”.
“Bizim üçün bu oyun çox çətin keçdi. Həm yaxşı, həm də xoş olmayan anlar oldu. Amma şadam ki, hər şeyə rəğmən, qələbə qazanmağı bacardıq. Çünki qazandığımız növbəti üç xalla turnir cədvəlindəki vəziyyətimizi daha da yaxşılaşdırdıq”.
Pit bu qələbədə bəxt yox, komandasının yaxşı oyununun payının olduğunu bildirir: “Mən düşünmürəm ki, biz bu oyunu bəxt sayəsində qazandıq. Biz start fiti səslənən kimi hücuma atıldıq. Məhz bunun məntiqi nəticəsi kimi erkən qol vurduq. Bu da sonda qələbəmizi təmin etdi. Əsas da odu ki, üç xal məhz bizim oldu”.
Yarımmüdafiəçi bu qələbələrdən sonra komandasının arxayınlaşmamasının vacibliyini vurğulayır: “Əlbəttə, bu qələbə bizim turnir cədvəlindəki şanslarımızı daha da yaxşılaşdırdı. Amma biz buna görə arxayınlaşmamalı, bununla kifayətlənməməliyik. Qarşıdakı oyunlara daha ciddi köklənmək lazımdı. Qarşıda bizi “Bakı” ilə heç də asan olmayacaq oyun gözləyir. Biz göstərməliyik ki, oyunumuz matçdan-matça daha da yaxşılaşır”.
“Xəzər Lənkəran”ın orta sahə oyunçusu komandasının hədəflərindən də danışıb: “Biz çempionluğa oynayırıq. Bu, bizim dəyişməz hədəfimiz olaraq qalır. Düzdü, son dövrlər komandada xeyli dəyişikliklər oldu. Amma bu, hədəflərimizə qətiyyən təsir göstərmir”.
Kubokda mübarizəni dayandıran Pitin komandası bütün fikrini Premyer Liqaya yönəldib: “Şübhəsiz ki, biz Azərbaycan kubokunda mübarizəni dayandırdığımıza görə çox məyus olduq. “İnter”ə məğlubiyyət bizə pis təsir etdi. Amma ondan sonra bütün diqqətimizi Premyer Liqaya yönəltmişik. Bundan sonrakı bütün oyunlarımızda qələbə qazanmaq istəyirik”.
