9 aprel 2012 00:28
Bakı rəhbərliyi idmançılar ilə görüş keçirdi
“Bakı” idman klubunun rəhbərliyi klubun bir qrup idmançıları ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdə yeniyetmə bədii gimnastçılar və karateçilər həmçinin onların məşqçi-müəllimləri və valideynlər iştirak edib.
Klub rəhbərliyi adından çıxış edən Nail Əliyev, Yaşar Seyidov və Zeynal Məmmədov qeyd ediblər ki, idmançılarımızın çıxışını daim diqqətdə saxlayırlar. Qeyd olunub ki, olimpiya növləri üzrə idmançılar hazırlamaq vəzifəsini yerinə yetirən klub, müxtəlif beynəlxalq yarışlarda Dünya və Avropa çempionatlarında nəticələr əldə etməlidir. Bunun üçün idmançılara hər cür şəraitin yaradıldığı, bundan sonra da, yaradılacağı ifadə edilib.
Sonra söz gimnastların məşqçi-müəlliməsi Sevil Məmmədovaya verilib. O diqqətə çatdırıb ki, fevralın 3-ü və 4-də, Bakıda Bədii Gimnastika üzrə Respublika çempionatında 2002-2004-cü illər yaş qrupunda yarışlarda çıxış edən 5 idmançı – Şirinli Nigar, Manaflı Günel, Ağazadə Güllü, Bəşirova Zərifə və Zeynalzadə Ləmandan ibarət komanda ümumi hesabda mükafatçılar sırasına düşə bilib. “Bakı” Respublika birinciliyinin gümüş medallarını qazanıb.
Qeyd edək ki, növbəti respublika birinciliyinə ev sahibliyini “Bakı” edəcək. 29 apreldə start götürəcək açıq buirincilikdə 12 idman məktəbinin komandasının iştirak etməsi gözlənilir. Yarışın püşkatma mərasimi aprelin 16-a planlaşdırılıb. Bu dəfə “Bakı”nın 16 idmançısı 2002-2006-cı il təvəllüdlülər arasında mübarizə aparacaq.
Görüşə karateçilər də əliboş gəlməyib. Ötən ay İstanbulda keçirilən Şotakan Karate üzrə yarışlara qatılan idmançılarımız WSKU versiyasında dünya üçüncülüyünü Azərbaycana qazandırıb. Baş məşqçi Seymur Xudaverdiyev xatırlatdı ki, yarışda 15 idmançı ilə mübarizə aparan klubumuz 6 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıb. Bu medalların bəziləri karatenin digər versiyalarında qazanılıb.
Qarşıda Terkiyədə keçiriləcək Sakarya Open və Ukraynada təşkil edilən Çernovtsi Open turnirlərində çıxış edəcək idmançılarımız bununla da qışdakı Avropa və dünya çempionatına hazırlığı yekunlaşdıracaq.
