10 aprel 2012 15:15
Zaqreb Dinamosu yenə Azərbaycan çempionu ilə qarşılaşa bilər
Futbol üzrə Xorvatiya çempionatının 2011-2012 mövsümü üçün qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, mövsümün sonuna 5 tur qalmış çempion komandanın adına aydınlıq gəlib.
Son çempion Zaqreb “Dinamo”su yenə çempionluğa sevinib. Zaqreblilər son turda səfərdə “Sibenik”i üstələyərək ən yaxın izləyiciləri olan “Hayduk”la xal fərqini 15-ə yüksəldib. Bundan sonrakı 5 turda “Dinamo” uduzsa, “Hayduk” isə bütün oyunlarda qələbə qazansa komandaların xalları eyni olacaq. Bu zaman şəxsi oyunların nəticələri əsas götürüləcək ki, burda da “Dinamo”nun üstünlüyü var.
Qeyd edək ki, bu, “Dinamo”nun tarixində 14-cü çempionluğu olub. Ötən mövsümü də birinci pillədə başa vuran Zaqreb təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində “Neftçi”nin rəqibi olmuş və komandamızı mübarizədən kənarlaşdırmışdı. “Dinamo” yenə turnirdə Azərbaycan çempionunun potensial rəqibidi. Özü də xorvatlar yenidən “Neftçi” ilə qarşılaşa bilər. Çünki mövsümün sonuna 5 tur qalmış əsas rəqibini 6 xal qabaqlayan “Neftçi” yenə çempionluğa əsas namizəddi.
