10 aprel 2012 00:54
Azərbaycanın yeni çempionu müəyyənləşdi
Futbol üzrə Azərbaycan birinci divizionda 2011-2012 mövsümünün qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Qaradağ Lökbatan” erkən çempionluğa yiyələnib.
Özü də Lökbatan klubu çempion adına mövsümdə ilk məğlubiyyətini alaraq yiyələnib. Belə ki, “Qaradağ Lökbatan” ötən gün “Şahdağ”a məğlub olub – 0:1. “Neftçala” isə “Karvan”ı yenib.
Nəticədə “Qarabağ”la “Neftçala” arasında 13, “Karvan” arasında isə 16 xallıq fərq yaranıb. Qarşıda “Qaradağ Lökbatan”ın 4, “Neftçala”nın 3, “Karvan”ın isə 5 oyunu var. Bundan sonra Lökbatan təmsilçisi bütün oyunlarını uduzsa belə, rəqibləri qalan oyunlarını udmaqla birinci pilləyə yüksələ bilməyəcək.
Qeyd edək ki, ötən mövsüm də birinci divizionda çempion erkən müəyyənləşmişdi. Artıq tarixin arxivinə qovuşmuş “Abşeron” vaxtından əvvəl titula yiyələnmişdi.
