11 aprel 2012 13:12
Azərbaycan yığması FİFA reytinqində 6 pillə irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, ötən ayla müqayisədə millimiz 6 pillə irəliləyib.
Belə ki, martda 116-cı olan yığmamız bu dəfə 110-cu pilləni tutub. Komandamızın aktivində 305 xal var.
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birlikdə F qrupunda yer almış rəqiblərdən Portuqaliya 2 pillə irəliləyərək 5-ci (1190 xal), Rusiya 1 pillə irəliləyərək 11-ci (1049 xal), Lüksemburq 8 pillə irəliləyərək 119-cu olub (283 xal). Şimali İrlandiya 13 (100-cü yer, 338 xal), İsrail isə 20 (58-ci yer, 558 xal) pillə geriləyib.
Reytinq cədvəlinə həmişəki kimi 1442 xalla İspaniya başçılıq edir. Almaniya 1 pillə irəliləyib və hazırda 1345 xalla ikincidi. Uruqvay da eyni şəkildə irəliləyib və indi 1309 xalla üçüncüdü. Hollandiya isə 2 pillə geriləyərək 4-cü olub – 1207 xal. Portuqaliya 5-cidi. Braziliya bir pillə geri düşüb və hazırda 1165 xalla 6-cıdı. İngiltərə də geriləyib – 1132 xalla 7-ci pillə. Xorvatiya (1114) və Danimarka (1069) 2 pillə irəliləyişə nail olub. Argentina isə iki pillə geriləyərək hazırda 1066 xalla 10-cudu.
Növbəti reytinq cədvəli mayın 9-da açıqlanacaq.
