11 aprel 2012 22:05
Millimizin forvardı və komandası finala çıxdı (YENİLƏNİB)
Bu gün futbol üzrə Latviya kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının forvardı Vüqar Əsgərovun formasını geyindiyi “Metallurg” klubu da finala vəsiqə uğrunda mübarizə aparırdı.
Həmyerlimizin komandası səfərdə “Jelgava” ilə qarşılaşıb. Lakin səfərdə çıxış etməsinə baxmayaraq, Liepaya klubu asan qələbəyə sevinib. Dörd qol vuran "Metallurg" qapısında cəmi bir top görüb ki, bu da həmyerlimizin komandasının finala çıxmasına mane olmayıb.
Bu oyunda Əsgərovun da forma geyməsi istisna deyildi. Baş məşqçi millimizin üzvünə ehtiyatda yer verib. Vüqar yalnız 72-ci dəqiqədə meydana çıxmağa imkan tapıb.
Qeyd edək ki, digər yarımfinal cütündə də “Gulbene” və “Skonto” klubları üz-üzə gəlib. Bu cütdə də qonaqlar minimal hesablı qələbəyə seviniblər - 0:1.
Beləliklə, mayın 12-də keçiriləcək final matçında "Metallurg"la "Skonto" qarşılaşacaq.
Latviya kuboku
Yarımfinal
11 aprel
Jelgava - Metallurg - 1:4 (0:2)
