11 aprel 2012 12:46
Şəfa stadionu təmirə bağlanır
“İnter” ev oyunlarını keçirdiyi “Şəfa” stadionundan məhrum olmaq üzrədi. Azerisport.az xəbər verir ki, paytaxt klubu doğma arenasından aprel ayının sonlarına kimi istifadə edə biləcək.
Aprelin axırında isə sözügedən arena təmirə bağlanacaq. Buna səbəb “Şəfa”nın qazonunun dəyişdirilməsidi. Belə ki, uzun müddətdi bu stadionunun süni örtüklü qazonunun dəyişdirilməsi gündəmdədi. Həmin məsələ öz həllini məhz bu ayın axırından etibarən tapmalıdı.
Qeyd edək ki, bu yay həm də ölkəmizdə 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatı keçiriləcək. “Şəfa”nın köhnə örtüyünün dəyişdirilməsinin əsas səbəblərindən biri də FİFA-nın belə bir tələbinin olmasıdı. Dünya futbol qurumu DÇ-nin bəzi oyunlarına ev sahibliyi edəcək arenanın yeni qazonla əvəzlənməsini istəyir.
Artıq “İnter”in mövsümün qalan dövründə hansı arenadan yararlanacağı da bəllidi. Belə ki, paytaxt klubu mövsümün qalan oyunlarını “Dalğa Arena”da keçirəcək.
