12 aprel 2012 14:05
Yunis Hüseynov XL-da kapitanı da dəyişdi
“Xəzər Lənkəran” klubunun yeni baş məşqçisi Yunis Hüseynov qapıçı Kamran Ağayevi yenidən kapitanlığa qaytarmağı qərara alıb. Azerisport.az xəbər verir ki, bu barədə mütəxəssisin özü məlumat verib.
O, səbəb kimi 2011-ci il oktyabrın 21-dən “sarğı”nı daşıyan Rahid Əmirquliyevin sarı vərəqə limitini aşmasını göstərib. Əmirquliyev Premyer Liqanın 28-ci turunun aprelin 14-də “Bakı” ilə keçirəcəkləri səfər matçında oynamayacaq. Bu halda Hüseynov Ağayevi kapitan qismində meydana buraxacağını açıqlayıb: “İnşallah, “Bakı” ilə oyunda Kamran kapitan olacaq”. Lakin o, gələcək oyunlarda da qapıçını bu statusda saxlayıb-saxlamayacağına aydınlıq gətirmək istəməyib.
Qeyd edək ki, Kamran Ağayev birinci dövrədə məhz “Bakı” ilə səfər oyununda (2:2) yol verdiyi kobud səhvdən sonra kapitanlıqdan məhrum edilib. Bu qərardan sonra “Xəzər Lənkəran”ın ovaxtkı baş məşqçisi Mirça Redniklə 26 yaşlı qapıçı arasında münaqişə yaranıb. Rednik – Ağayev qarşıdurması 2011-ci il dekabrın 4-də baş məşqçinin istefası ilə nəticələnib. (lent.az)
