12 aprel 2012 11:18
Slavço Georgiyevski: Neftçi həm çempionluğu, həm də kuboku istəyir
“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski Premyer Liqanın 28-ci turunun “İnter”lə oyunu öncəsi azerisport.az saytına müsahibəsində komandasının çempionluq şanslarını dəyərləndirib. O, paytaxt derbisi ilə bağlı öncə bunları dilə gətirib:
“Rəqibimiz altılıq mərhələsinə elə də uğurlu başlamamışdı. Amma “İnter”lə “Neftçi” arasındakı oyunlar həmişə maraqlı alınıb. Əminəm ki, bu dəfə də oxşar oyunun şahidi olacağıq”.
“Rəqibimiz altılıq mərhələsinə elə də uğurlu başlamamışdı. Amma “İnter”lə “Neftçi” arasındakı oyunlar həmişə maraqlı alınıb. Əminəm ki, bu dəfə də oxşar oyunun şahidi olacağıq”.
Slavçonun sözlərinə görə, “İnter”lə oyun onun komandası üçün çox çətin sınaq olacaq: “Asan olmayacaq. Ümumiyyətlə, altılıq mərhələsində heç bir komandayla qarşılaşma asan hesab oluna bilməz. Çünki bütün rəqiblərimiz güclüdülər. Amma hesab edirəm ki, qarşıdakı oyunda qələbə məhz bizim olacaq”.
Son turda “Neftçi”nin əsas izləyiciləri olan “İnter”lə “Qarabağ” daha çox “ağ-qaralar”a sərf edən heç-heçəyə razılaşmışdılar. Lakin makedoniyalı futbolçu bunun onlar üçün o qədər də əhəmiyyət daşımadığını iddia edir: “Biz digər komandaların nəticələrinə baxmırıq. Əlbəttə, izləyicilərimizdən altı xallıq fərqə nail olmağımız yaxşıdı. Amma digər komandaların necə oynması bizi maraqlandırmamalıdı. Allaha Şükür ki, biz çempionluq mübarizəsində öz işimizin öhdəsindən gələ bilirik”.
Georgiyevski “Bakı” ilə son oyuna da toxunub: “Oyun çətin alındı. Amma düşünürəm ki, vəziyyətin o qədər mürəkkəbləşməsində də məhz özümüz günahkar olduq. İkinci hissədə bizim rəqibi cəzalandırmaq şanslarımız oldu. Lakin ikinci qoldan sonra komandada arxayınlıq hökm sürürdü. Belə olmaz. Bir halda ki, çempionluğa oynayırıq, elə səhvlərə yol verməməliyik. Əsas odu ki, biz qələbəni qoruya və 3 xal qazana bildik”.
Təcrübəli yarımmüdafiəçisi çempionluq şansları ilə bağlı bunları dilə gətirib: “Rəqiblərimizlə aradakı fərq bizi arxayınlaşdırmamalıdı. Əksinə, biz bu fərqi qoruyub, çempion olmaq istəyirik. Belə olsa, istirahətə daha çox vaxtımız olacaq (gülür). Bundan əlavə Azərbaycan kubokunda da mübarizəmizi davam etdiririk. Hər iki mükafatı qazanmaq istəyirik”.
