13 aprel 2012 01:45
Bundesliqa klubunda baş məşqçi istefası
Futbol üzrə Almaniya Bundesliqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, “Cologne” rəhbərliyi Stal Solbakkenin fəaliyyətinə son qoyub.
Qeyd edək ki, Kölnün eyni adlı təmsilçisi cari mövsüm o qədər də uğurlu çıxış etmir. Autsayderlər sırasında olan komandanın Bundesliqanın son turunda səfərdə “Mainz”a 4 cavabsız qolla uduzması rəhbərliyin səbr kasasını daşırıb. Bu üzdən də Solbakken istefaya göndərilib.
Artıq sözügedən mütəxəssisə əvəzləyici də tapılıb. Belə ki, “Cologne” komandasını mövsümün sonuna kimi Frank Şafer çalışdıracaq. Klub rəhbərliyi komandanı yaxından tanıyan bu mütəxəssisin mövsümün qalan 4 oyununda əsl xilaskar rolunu oynaya biləcəyinə inanır.
Sonda onu da bildirək ki, hazırda 29 xalla 18 komanda arasında 16-cı olan “Cologne” elitada qalmaq şanslarını qoruyur və bunun üçün son oyunlarında uğur qazanmağa borcludu.
