13 aprel 2012 19:00
Julius Vobay Xəzər Lənkərana qayıtdı
“Xəzər Lənkəran”ın Syerra Leoneli futbolçusu Julius Vobay komandanın düşərgəsinə qayıdıb. Azerisport.az xəbər verir ki, Julius Vobay qış fasiləsi zamanı vətəninə yollanmış və bundan sonra komandanın toplanışına qayıtmamışdı.
Ardından futbolçunun Misir çempionatında çıxış edən “Əl Məsri” klubunda baxışda olduğu haqqında mətbuatda xəbər yayıldı. “Xəzər Lənkəran” FK bu məsələ ilə əlaqədar dərhal sözügedən kluba məktub və FİFA-ya müvafiq şikayət ünvanladı. Julius Vobayla “Xəzər Lənkəran” Futbol Klubu arasında imzalanmış və 31 dekabr 2012-ci il müddətinə qədər qüvvədə olan müqavilənin ingilis dilinə tərcümə olunmuş nüsxəsi “Əl Məsri” klubu və ali futbol qurumuna göndərildi.
Nəhayət, FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən Julius Vobayın “Xəzər Lənkəran”ın futbolçusu olduğu və onun klubla müqaviləsinin mövcudluğu faktı təsdiqləndi. Eyni zamanda, Misir çempionatında baş vermiş məlum iğtişaşlar səbəbindən “Əl Məsri” klubu yerli futbol federasiyası tərəfindən ciddi sanksiyalara məruz qaldığını da bildirək.
Hazırda Julius Vobay “Xəzər Lənkəran”ın düşərgəsindədi. Yaxın günlərdə futbolçu məşq prosesinə qoşulacaq.
