13 aprel 2012 00:17
Ramin Musayev: XL cərimə olunmalıdı, amma 6 xalı silinməməlidi
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Xəzər Lənkəran”ın FİFA tərəfindən cəzalandırılması məsələsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən FİFA-nın qərarını düzgün hesab etmirəm və niyəsini də izah edə bilərəm. Komanda, futbolçular, məşqçilər bütün çempionat boyu çoxlu əziyyət çəkiblər ki, xal toplasınlar. Lakin indi bir futbolçuya görə bütün komandanın əziyyəti yerə vurulur. Mən razıyam ki, belə hərəkətinə görə klub cərimə olunmalıdı. Amma altı xal silinməməlidi. Çünki hər xal oyunçuların, məşqçilərinin böyük əziyyətinin nəticəsidi. Komandanın altı xalının silinməsinə dəymir. Axı buna görə həmin futbolçular, məşqçilər günahkar deyillər”.
Maraq üçün qeyd edək ki, FİFA-nın sözügedən məsələ ilə bağlı AFFA-ya və kluba ünvanladığı məktubda bildirilir ki, 13.10.2010-cu il tarixdə FİFA-nın Mübahisələrin Həlli Palatası “Xəzər Lənkəran”ın futbolçu Romulo Silvano Silvaya 30 gün müddətində 114 000 (yüz on dörd min) ABŞ dolları ödəməsi barədə qərar qəbul edib. 31.10.2011-ci il tarixdə FİFA-nın Nizam-İntizam Komitəsinin katibliyi borc ödənilmədiyi üçün kluba qarşı inzibati icraat işi başlayıb və XL-dan 21.11.2011-ci il tarixə qədər borcu ödəməyi tələb edib. Bundan sonra FİFA-nın Nizam-İntizam Komitəsi 30.11.2011-ci il tarixdə klubun həmin qərarı icra etməməsi barədə məsələyə baxaraq aşağıdakıları qərara alıb: “Xəzər Lənkəran” FİFA-nın hüquq orqanının qərarının yerinə yetirilməməsində günahkar hesab olunsun, FİFA-ya 30 gün müddətində 15 000 (on beş min) İsveçrə frankı cərimə ödəsin, kluba borcun ödənilməsi üçün 30 gün vaxt verilsin və bu müddət ərzində borc ödənilmədiyi təqdirdə futbolçunun tələbinə əsasən klubun əsas komandasından 6 xal çıxılsın. Xalların çıxılması FİFA-nın tələbinə əsasən yerli assosiasiya tərəfindən həyata keçirilsin.
Bu qərar çıxarıldıqdan sonra “Xəzər Lənkəran” FK 09.02.2012-ci il tarixdə futbolçunun əsas borcunu və FİFA-ya ödəniləcək cərimələri ödəyib. Borc gec ödənildiyi üçün 7573 ABŞ dolları məbləğində hesablanan faiz məbləği ödənilməyib. Faiz məbləğinin ödənilməməsi barədə futbolçunun agenti FİFA-ya 12.03.2012-ci il tarixdə müraciət etmiş və klubdan 6 xalın çıxılmasını xahiş edib. Bu şikayət əsasında FİFA-nın Nizam-İntizam Komitəsi 29.03.2012-ci il tarixdə AFFA-ya müraciət edərək klubdan 6 (altı) xalın çıxılmasını və bu barədə FİFA-ya müvafiq sübutun göndərilməsini tələb edib. FİFA tərəfindən AFFA və kluba ünvanlanan sonuncu müraciətdən sonra “Xəzər Lənkəran” 30.03.2012-ci il tarixdə əsas borca hesablanmış faizi də ödəyib.
Borc tam ödənildikdən sonra AFFA FİFA-ya müraciət ünvanlayaraq klubun xallarının çıxılması barədə sanksiyanın tətbiq olunmamasını xahiş edib. Hazırda AFFA bu müraciətə FİFA-nın cavabını gözləyir.
