15 aprel 2012 11:19
“Hər iki titulun bizim olacağına inanırıq”
“Neftçi”nin müdafiəçisi Denis Silva Premyer Liqanın 28-ci turunun “İnter”lə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Neftçi” təsnifat mərhələsindəki hər iki oyunda uduzduğu “İnter”i final mərhələsindəki oyunlarda məğlub etməyi bacardı...
- Düzünü deyim ki, mənə belə statistika maraqlı deyil. Bizim üçün hər bir oyun böyük əhəmiyyət daşıyır. Çünki hər oyunda qazanılan qələbə bizi çempionluğa yaxınlaşdırır. Bu oyunda da layiqli qələbə qazandıq. Bu, bizə çox lazım idi.
- Amma rəqibin səhflərindən yararlanaraq vurduğunuz erkən qollardan başqa “Neftçi” heç nə ilə yadda qalmadı. Xüsusilə də ikinci hissədə...
- Rəqibin səhvə yol verməsi də bizim meydandakı hərəkətlərimizdən və pressinqdən asılı idi. Hər şey qanunauyğun oldu. Axı biz “İnter”dən güclüyük.
- İkinci hissədə bu sözləri demək çətin idi...
- Biz hesabda öndə idik, qol vurmaq daha çox rəqibə lazım idi, bizə yox. Əgər bizə yenə qol lazım olsaydı, bunu edərdik.
- Artıq çempionluğunuzu rəsmiləşdirmək üçün sizə cəmi bircə qələbə lazımdı...
- Bunu gecikdirmək istəmirik. Növbəti turda “Xəzər Lənkəran”la qarşılaşacağıq. Onları yenib, sona üç tur qalmış çempion olmaq istəyirik. Hansı ki, ötən mövsümdə də belə olmuşdu.
- FİFA-nın “Xəzər Lənkəran”ın hesabından 6 xal silinməsinə dair tələbini necə qarşıladınız?
- Bu qərarı şərh etmək istəməzdim. Amma şübhəsiz ki, bu, bizim komandamıza sərf etdi. Ən azından çempionluğa bir qədər də yaxınlaşdırdı. Lakin əminəm ki, bu olmasaydı da, biz üstünlüyümüzü əldən verməyəcəkdik.
- Növbəti rəqibinizin “Bakı” ilə oyunda darmadağınla (1:4) üzləşməsini necə qarşıladınız?
- Təbii ki, bunda FİFA-nın çıxardığı qərarın az təsiri olmadı. Mövsümün sonunda verilən belə bir qərar istənilən komandanı sındıra bilər. Əminəm ki, Lənkəran klubunun oyunçuları psixoloji cəhətdən heç də yaxşı vəziyyətdə olmayıblar.
- Təbii ki, bunda FİFA-nın çıxardığı qərarın az təsiri olmadı. Mövsümün sonunda verilən belə bir qərar istənilən komandanı sındıra bilər. Əminəm ki, Lənkəran klubunun oyunçuları psixoloji cəhətdən heç də yaxşı vəziyyətdə olmayıblar.
- “Xəzər Lənkəran”la oyun öncəsi sizi “İnter”lə ilk yarımfinal oyunu da gözləyir...
- “Neftçi”nin “İnter”i kubokda da məğlub etməsi üçün kifayət qədər motivasiyası olacaq. Bizi çox çətin oyun gözləyir. Amma mövsümün əvvəllindən olduğu kimi, hər iki mükafatın bizim olacağına inanırıq.
