17 aprel 2012 16:12
Lənkəran stadionu üçün əlamətdar oyun
Aprelin 22-də Lənkəran şəhər stadionu üçün əlamətdar hadisə baş verəcək. Azerisport.az xəbər verir ki, Təkcə ona görə yox ki, “Xəzər Lənkəran” prinsipial rəqibi olan “Neftçi” ilə “Böyük oyun”a çıxacaq.
Həmin gün “Xəzər Lənkəran” bu arenada 100-cü rəsmi matçını keçirəcək. Tarixi ərzində ev oyunlarını digər 7 stadionda da keçirən komanda doğma arenada indiyədək 99 qarşılaşmaya çıxıb. “Neftçi” ilə görüş isə 100-cü – yubiley matçına təsadüf edir.
2004-cü ildə yaranan “Xəzər Lənkəran” doğma arenada debütünü 2005-ci ilin martında edib. Həmin vaxt martın 15-də baş hakim Məhəmməd Məmmədovun fiti ilə Lənkəran şəhər stadionunda “Xəzər Lənkəran”ın ilk oyunu start götürdü. Azərbaycan kubokunun ¼ final mərhələsinin MOİK-lə cavab oyunu ilə komandanın doğma arenadakı tarixi də başladı. Həmin oyun isə 87-ci dəqiqədə Martin Stankovun vurduğu qolla komandanın 1:0-lıq qələbəsi ilə başa çatdı. Arenada ilk sarı vərəqənin müəllifi isə qapıçı Aleksandr Martyoşkin oldu.
Həmin vaxtdan “Xəzər Lənkəran” Lənkəran şəhər stadionunda Avropa Liqasının 2, Azərbaycan çempionatının 83 və Azərbaycan kubokunun 16 matçına çıxıb. Bu 99 görüşdə 61 qələbəsi olan komanda 29 heç-heçə edib və yalnız 9 dəfə azarkeşlərini məğlubiyyətlə üzüb. Qonaqlar bu stadionda 172 dəfə topu qapısından çıxarmağa məcbur olubsa komandanı cəmi 53 dəfə məyus edib.
