17 aprel 2012 20:25
Ramin Musayev: PFL danışılmış oyunlarla bağlı AFFA-ya istənilən məlumatı verməyə hazırdı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev AFFA-nın danışılmış oyunlarda şübhəli bilinənlərə qarşı təhqiqata başlaması barədə fikirlərini bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Belə oyunlar haqda çox danışırlar. Ancaq hələ də bir sübut yoxdu. PFL rəhbəri kimi mən Türkiyə futbolunda ötən il baş verənlərin təkrarlanmasını istəməzdim. Azərbaycan çempionatı və kuboku uğrunda oyunlarda PFL-in 2-3 kamerası işləyir. Daha vacib oyunlarda kameraların sayı 6-ya qədər artırılır. Əgər AFFA-nın Appleyasiya-Ekspert komitəsinə oyunlardan kadrlar lazım olarsa, istənilən klubun çıxışı ilə bağlı informasiya verməyə hazırıq. Əgər şübhələr varsa, mən təhqiqatın lehinəyəm, ancaq bir şərtlə: ancaq rəsmi kadrları istifadə etmək olar. Klublardan götürülmüş həvəskar çəkilişləri yox”.
Musayev həmçinin günahkarların cəzalanması məsələsinə də toxunub: “Əgər hər hansı klubun günahı sübuta yetirilərsə, bu halda komanda Premyer Liqanı tərk edəcək və mübarizəni birinci diviziondan başlayacaq”.
