18 aprel 2012 00:06
Azərbaycan kuboku: Finalın bir addımlığında
Bu gün futbol üzrə Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, hər iki oyun gündə baş tutacaq.
Bəribaşdan qeyd edək ki, yarımfinalda əbədi iddialılar oynadığından bu komandalar indiyədək dəfələrlə kubok yarışlarında da üz-üzə gəlib. Maraqlıdı ki, hər 2 cütünü öz favoriti var.
Günün ilk oyununda "Bakı" doğma divarlar arasında "Qarabağ"ı qəbul edəcək. Qeyd edək ki, bu mübarizədə qələbəni ağdamlılardan daha çox paytaxt təmsilçisi istəyir. Bunun da səbəbi çox sadədi: çempionatda medalçılar sırasına düşməsi daha çətin olan “zolaqlılar” üçün Avropa Liqasına vəsiqə kubokda bir qədər yaxın görünür. Bunun üçün sadəcə “Qarabağ”ı iki oyunun cəmində üstələyib, finalda qələbə qazanmaq lazımdı.
Qurban Qurbanovun komandası isə Avroliqaya vəsiqəni məhz medalçılar sırasına düşməklə qazanmağa daha yaxındı. Hər halda “Bakı” hazırda ilk altılığın sonuncu pilləsində qərarlaşdığı halda, Ağdam klubu ikincidi. Lakin bu, o demək deyil ki, ağdamlılar kubokda uğur qazanmağı rəqibdən az istəyir. Ən azı ona görə ki, son turda “Qəbələ”yə uduzmaqla çempionluq şanslarını itirən bölgə təmsilçisi uzun müddətli titul həsrətinə məhz kuboku qazanmaqla son qoya bilər.
Hazırda ağdamlıların kuboka sahib çıxmaq şanslarının “Bakı”ya nisbətən yüksək qiymətləndirilməsi də xüsusi qeyd olunmalıdı. Çünki bu komandaların cari mövsüm baş tutan oyunlarında “Qarabağ”ın diqqət çəkən dərəcədə üstünlüyü var. Belə ki, Qurbanovun yetirmələri mövsümün gedişində keçirilmiş üç çempionat oyununun hamısında qələbə qazanıb. Bu üzdən də “zolaqlılar” kubokdakı mübarizəsinə davam etmək üçün eyni zamanda həmin məğlubiyyətlərin qisasını almalıdı. Ağdam klubu isə bakılılarla oyunlardakı uğurku seriyanın davamını gətirməyə çalışacaq.
Bütövlükdə isə, “Bakı” ilə “Qarabağ”ın kuboka gedən yolları 4-cü dəfədi kəsişir. Əvvəlki qarşıdurmaların da hamısında 1 qalib olub - “Qarabağ”. Ağdamlılar hər dəfə bu rəqibini keçərək mübarizəni davam etdirib. Bu duel çərçivəsində keçirilən 6 oyunda “Bakı” cəmi 2 heç-heçəyə nail olub, qalanlarında uduzub. Təbii ki, top fərqi də bakılıların xeyrinə deyil – 4:9.
“Bakı” və “Qarabağ”ın Azərbaycan kubokundakı bütün qarşılaşmaları:
|
1997/98
|
1/4 final
|
Dinamo (Bakı) - Qarabağ (Ağdam)
|
0:0, 0:2
|
|
2008/09
|
1/2 final
|
Bakı - Qarabağ (Ağdam)
|
1:2, 1:2
|
|
2005/06
|
1/4 final
|
Qarabağ (Ağdam) - Bakı
|
3:2, 0:0
|
Digər yarımfinal cütündə isə iki paytaxt klubu “İnter”lə “Neftçi” qarşılaşacaq. Bu qarşılaşma da kifayət qədər maraqlı mübarizə vəd edir. Çünki hər iki komanda kuboku qazanmaq istəyindədi. Düzdü, “Neftçi” Premyer Liqada çempion olmağa daha çox köklənib. Lakin nəzərə alsaq ki, Böyükağa Hacıyevin komandası artıq bu vəzifəsinin öhdəsindən 95 faiz gəlib, o zaman qızıl dubla imza atmaq üçün “ağ-qaralar”ın bütün diqqətini kuboka yönəltməsi də istisna deyil. Hər halda belə bir fürsət hər mövsüm ələ düşmür və “Neftçi”nin yubileyinə qızıl dubl töhvəsi vermək istəyi şübhə doğurmur.
Amma “Neftçi” ilə müqayisədə kuboku qazanmağa daha çox “İnter” istəklidi desək, yəqin ki, yanılmarıq. Bunun da öz səbəbləri var. Məsələ burasındadı ki, “bankirlər” indiyə qədər üç dəfə kubokun finalına çıxmağı bacarsa da, heç vaxt bu titula yiyələnə bilməyib. Bu üzdən də onlar indi ən azı “ağ-qaralar”ı mübarizədən kənarlaşdırmaq istəyir ki, dördüncü final matçında kubok həsrətinə son qoysunlar.
Digər tərəfdən “İnter”in çempionatda medalçılar sırasına düşməsi də hələ dəqiqləşməyib. Yəni Çempionar Liqasına gedəcəyi demək olar ki, dəqiqləşən “Neftçi”dən fərqli “bankirlər”in avrokuboklara vəsiqə verən yerlərdən birini tuta bilməməsi təhlükəsi də var. Bu üzdən də Kaxaber Tsxadadzenin komandası eyni zamanda ölkə kubokunu qazanmağı hədəfləyir ki, Avropa Liqasına vəsiqədən məhrum olmasın.
Sonda paytaxt klublarının indiyə qədərki duellərinə nəzər salmaq da pis olmazdı. Bəribaşdan qeyd edək ki, bu mövsüm Premyer Liqada baş tutan oyunlarda tərəflərin hərəyə iki qələbəsi var. Bütövlükdə isə kubokda 5-ci dəfə yolları kəsişən paytaxt təmsilçilərinin duellərində “İnter” 3, “Neftçi” 1 dəfə mərhələ adlayan tərəf olub. Lakin “bankirlər” “İnter” kimi deyil, “Xəzər Universiteti” adlandığı vaxt mübarizəni dayandırıb. Elə “Neftçi”nin 4 dueldəki 8 oyunda qazandığı yeganə qələbə də 10 il əvvəlki həmin matçlara təsadüf edib. Top fərqində də “bankirlər” öndədilər - 10:6.
“Neftçi” və “İnter”in Azərbaycan kubokundakı bütün qarşılaşmaları:
|
2001/02
|
1/2 final
|
Neftçi (Bakı) - Xəzər Universiteti (Bakı)
|
2:0, 1:2
|
|
2004/05
|
1/4 final
|
Neftçi (Bakı) - İnter (Bakı)
|
0:0, 0:0, pen. 3:4
|
|
2007/08
|
1/2 final
|
Neftçi (Bakı) - İnter (Bakı)
|
2:2, 0:1
|
|
2009/10
|
1/4 final
|
Neftçi (Bakı) - İnter (Bakı)
|
0:3, 1:2
|
Azərbaycan kuboku
Yarımfinal (ilk oyunlar)
18 aprel (çərşənbə)
Bakı - Qarabağ
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 15:30.
İnter - Neftçi
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
