18 aprel 2012 11:00
Rauf Əliyev: Qarabağ kuboku qazanmaq əzmindədi
“Qarabağ”ın hücumçusu Rauf Əliyev futbol üzrə Azərbaycan Kubokunun “Bakı”ya qarşı keçiriləcək yarımfinal oyunu ərəfəsində azerisport.az-ın suallarını cavablandırıb.
- Son vaxtlar siz meydanda adətən əvəzləmədən sonar görünürsünüz və ya «start”da meydana çıxsanız da, 90 dəqiqəni tam başa vurmadan əvəzlənirsiniz. Bu sizi çox narahat etmir ki?
- Narahat edir, amma bir o qədər də yox. BƏzən oyunçunun oyununda eniş olur. Belə bir deyim var – nişangahı itmək... Mənim də məhz bu vəziyyətimdir. Belə hallar olur, məyus olmaq olmaz. Hər şey qaydasına düşəcək.
- Son turda “atçılar” “Qəbələ”yə məğlub oldular. Bu oyunda komandaya nə çatmırdı?
- Buraxılan qola qədər rəqibdən yaxşı oynayırdıq, üstünlüyümüz vardı. Qoldan sonra oyun dəyişdi. Bizə sadəcə hesabı bərabərləşdirmək üçün vaxt çatmadı.
- Maraqlıdır ki, “Qarabağ”ın qəbələlilərlə oyun statistikası “mənfi” dir. Bu növsüm onlarla 6 oyundan 2-də məğlub olmuşunuz və 4 oyun heç-heçə bitib. Aydın görünür ki, “Qəbələ” heç də uğurlu rəqib deyil.
- Özüm də bilmirəm ki, niyə “radarlar”la belə problemlərimiz olur. Futbolda bəzən belə olur ki, rəqiblərdən hər hansı birinə qarşı oyun sadəcə alınmır. Heç nə alınmır, top qapıdan keçmir ki, keçmir. Düşünürəm ki, bizim vəziyyətimiz də belədir.
- Bu mövsüm qəbələliləri sürətli hücum xətti fərqləndirir. Demək olarmı ki məhz bu amil və sizin müdafiə xəttinizin ləngliyi “radarlar”la oyunlardakı uğursuzluğun əsas səbəbidir?
- Xeyr, mən belə deməzdim. Mən ümumiyyətlə buna görə kimsəni günahkar bilmirəm. Sadəcə həqiqətən elə olur ki, “Qəbələ”yə qarşı oyunumuz ümumiyyətlə alınmır.
- Qarşıda sizi kubok uğrunda “Bakı”ya qarşı ilk yarımfinal oyunu gözləyir. “Qəbələ”dən fərqli bu mövsüm “Bakı” ilə oyun statistikası daha uğurludur.
- Bilirsiniz, ötən oyunlarla müqayisədə hazırda “Bakı” daha inamlı, məntiqli oyun göstərir. Görünürdü ki, oyunlarında bəzi problemlər var. Ancaq hazırda hər şey nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
- “Bakı”da bildiriblər ki, bu mövsüm “Qarabağ”dan alınan üç məğlubiyyətə görə revanş almaq əzmindədirlər.
- Prinsipcə bu, təəccüblü deyil. Həm də “Bakı”nın avrokuboklara düşmək üçün ən real imkanı ölkə kuboku ilə bağlıdır. Bəli, biz onları bu mövsüm üç oyunda məğlub etmişik və təbii ki onlar revanş istəyir. Biz də asan təslim olmaq fikrində deyilik. Sona qədər mübarizə aparmaq və Azərbaycan kubokunun finalına çıxmaq əzmindəyik.
- “Neftçi”nin çempionluq yolunda praktiki olaraq heç bir çətinliyi qalmadığından “Qarabağ”ın bütün diqqətini ölkə kubokuna yönəltdiyini söyləmək olar?
- Bəli, indi çempionluq şanslarımız çox cüzi görünür. Ancaq bu amil bizə heç bir təsir göstərmir. Həm çempionatda və həm də kubokda tam gücümüzlə oynamaqda davam edirik. Biz lap əvvvəldən çempionat və kuboka eyni gözlə baxmışıq. İndi də heç nə dəyişməyib.
