19 aprel 2012 01:08
Ehtiyatlı addımlarla finala doğru
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirildi. Azerisport.az xəbər verir ki, iki görüşə bir qolun vurulduğu gündə demək olar ki, dörd iştirakçıdan heç biri finala vəsiqə qazanmaq baxımından böyük bir uğura imza atmadı.
Bu baxımdan yalnız “Qarabağ”ın “Bakı” üzərindəki minimal hesablı qələbəsini fərqləndirmək olar. Ağdam klubu bu mövsüm çempionat çərçivəsində “zolaqlılar”ı artıq üç dəfə məğlub etməyi bacarmışdı. Bu üzdən sözügedən görüşdə də ağdamlıların şansları yüksək qiymətləndirilirdi. Lakin paytaxt təmsilçisinin də Premyer Liqadakı məğlubiyyətlərinin qisasını bu dəfə alacağını güman edənlər az deyildi. Ən azı ona görə ki, “Qarabağ”dan fərqli olaraq, “Bakı”nın çempionatda medalçılar sırasına düşmək və avrokuboklara vəsiqə qazanmaq şansı çox azdı. Buna görə də bakılılar bütün ümidlərini kuboku qazanmağa yönəldiblər.
“Bakı”nın bu oyun öncəsi qələbə şanslarını artıran başqa məqamlar da var idi. Hər şeydən öncə paytaxt klubu rəqibini doğma divarlar arasında qəbul edirdi. İkincisi də “zolaqlılar” son dövrlər çox inamlı çıxışı ilə seçilməkdə idi. Məsələn, Novruz Əzimovun yetirmələri son olaraq həmin meydanda “Xəzər Lənkəran”a divan tutmuşdular – 4:1. “Qarabağ” isə əksinə Qəbələdə yerli komandaya məğlub olmaqla uzun müddətdi davam edən seriyasının qırılmasına üzülmüşdü.
Tərəflərin demək olar ki, bərabər səviyyəli ilk mübarizəsində qolsuz heç-heçə qeydə alınması ehtimalı çox yüksək idi. Amma qonaqların məhz son dəqiqələrdə həyata keçirdikləri əla hücumlardan biri qolla nəticələndi. Georgi Adamiyanın baxımlı qolu Ağdam təmsilçisinə cavab qarşılaşması öncəsi önəmli üstünlük qazandırdı. Amma şübhəsiz ki, bu cütdə hər şeyə cavab oyununda aydınlıq gələcək. Bakılılar səfərdə oynamasına rəğmən, son şansları olan kubokun finalına yüksəlmək üçün əllərindən gələni edəcəklər. “Qarabağ”ın da belə bir üstünlüyü əldən vermək istəməyəcini nəzərə alsaq, Quzanlıdakı görüş daha maraqlı keçəcək. Maraq üçün onu da xatırladaq ki, bu komandalar tarixləri ərzində bundan öncə daha üç dəfə üz-üzə gəliblər ki, bunların da hamısında mərhələ adlayan tərəf məhz ağdamlılar olublar.
Günün digər matçında da növbəti çempionluğunu rəsmiləşdirməyə hazırlaşan “Neftçi” ilə “İnter” üz-üzə gəldi. Bu görüşdə də nisbətən sərfəli nəticəni kuboka daha çox ehtiyacı olan tərəf yox, əks tərəf qazandı. Düzdü, “ağ-qaralar” da kuboku qazanmağı az istəmirlər. Hər halda çempionluğunu 1 xal qazanmaqla da rəsmiləşdirmək şansına malik olan “Neftçi” qızıl dubl etmək üçün kuboku da qazanmağa eyni dərəcədə iddialıdı.
Lakin “İnter”in kuboka rəqibinə nisbətən daha çox ehtiyacı var. Məsələ burasındadı ki, “bankirlər” indiyə qədər tarixləri ərzində dörd dəfə Azərbaycan kubokunun həlledici matçında oynamaq şansı qazanmalarına rəğmən, hər dəfə titula yiyələnmək şansını əldən veriblər. Bu dəfə isə bank klubu həmin uğursuz sindroma son qoymağı hədəfləyiblər. Bu, həm də “İnter”in Avropa Liqasına vəsiqəni rəsmiləşdirməsi baxımından əhəmiyyətlidi. Çünki “bankirlər” hazırda Premyer Liqada o qədər də uğurlu çıxış etmədiyindən, mükafatçılar sırasına düşməməklə Avropa səhnəsinə çıxmaya da bilər. Belədə, kubokun “İnter” üçün “Neftçi”yə nisbətən daha “qiymətli” olduğunu əminliklə söyləmək olar.
Amma ilk oyun “İnter”in bu mühüm şansdan yararlanmaq üçün o qədər də canfəşanlıq göstərmədiyini göstərdi. Düzdü, “bankirlər” paytaxt derbisində daha çox hücum edən, təzyiq göstərən tərəf olsa da, qol vurmağı bacarmadı. Nəticədə qeydə alınan qolsuz heç-heçə qonaqların işinə daha çox yaradı, nəinki meydan sahiblərinin. Bu üzdən də hər şeyə cavab görüşündə aydınlıq gələcəyi dəqiqdi. Bir şeyi də vurğulamaq lazımdı ki, 0:0 hesabını elə “İnter”in özü üçün də müəyyən qədər “sərfəli” saymaq olar. Ən azı ona görə ki, rəqib meydanında hətta qollu heç-heçə də “bankirlər”i növbəti mərhələyə çıxara bilər.
Azərbaycan kuboku
Yarımfinal (ilk oyunlar)
Bakı – Qarabağ - 0:1
Qol: Georgi Adamiya, 90.
Bakı: 16. Aqil Məmmədov, 3. Denis İvanov, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauski, 8. Juninyo, 21. Novruz Məmmədov (19. Nurlan Novruzov, 37), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 30. Maris Verpakovski, 77. Aleksandar Soliç (k) (36. Uinston Parks, 63), 98. Serxio Kontreras (10. Lukas Mario Horvat, 78).
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 11. Elvin Məmmədov, 20. Elşən Manafov, 99. Rəhman Hacıyev.
Məşqçi: Novruz Əzimov.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov (11. Rauf Əliyev, 66), 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (6. Rəşad Sadiqov, 77), 19. Muarem Muarem, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov (77. Georgi Adamiya, 66).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 18. İlqar Qurbanov, 44. Eltun Yaqublu.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Nenad Kovaçeviç, 19 (qeyri-idman hərəkəti). Serxio Kontreras, 58 (bilərəkdən əl ilə oyun). Nurlan Novruzov, 71 (qeyri-idman hərəkəti) – Georgi Adamiya, 88 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Rəhim Həsənov.
AFFAnümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 2000 tamaşaçı.
İnter – Neftçi - 0:0
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (8. Nizami Hacıyev, 68), 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandalaki, 21. Arif Daşdəmirov, 22. Peter Çrappan, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze (9. Enyo Krastovçev, 58).
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 14. Peter Zlatinov, 20. Girts Karlsons, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski 6. Slavko Georgievski, 9. Flavinyo, 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 25. Cavid İmamverdiyev (28. Emin Mehdiyev, 90), 27. Rəşad Abdullayev, 32. Elvin Yunuszadə (Cavid Hüseynov, 83).
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 8. Elşən Abdullayev, 22. Fərid Quliyev, 26. Kərim Diniyev,29. İlham Allahverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Sarı vərəqələr: Bronislav Çervenka, 63 (qeyri-idman hərəkəti). İlia Kandalaki, 67 (qeyri-idman hərəkəti) – Rəşad Abdullayev, 45 (qeyri-idman hərəkəti). Elvin Yunuszadə, 52 (qeyri-idman hərəkəti). Cavid İmamverdiyev, 72 (oyun qaydalarını sistematik pozduğuna görə). Bahodir Nasimov, 74 (hakimin qərarına etiraz). Emin Mehdiyev, 90 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Elman Musayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Şəfa” stadionu. 1000 tamaşaçı.
