19 aprel 2012 02:11
CAS XL-ın şikayəti ilə bağlı FİFA-ya vaxt verdi
Aprelin 18-də “Xəzər Lənkəran” futbol klubunun ünvanına İdman Arbitraj Məhkəməsindən (CAS) məktub daxil olub. Azerisport.az xəbər verir ki, məktubda Lənkəran təmsilçisinin FİFA-nın İntizam Komitəsinin qərarına verdiyi apellyasiya şikayətinin icraata qəbul edildiyi tərəflərin nəzərinə çatdırılıb.
FİFA İntizam Komitəsi (İK) martın 30-da çıxardığı qərarla AFFA-dan “Xəzər Lənkəran”ın əsas komandasının hesabından 6 xalın silinməsi tələb edib. Buna səbəb klub tərəfindən futbolçu Romulo Silvano Silvanın hesabına FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən köçürülməli olan məbləğin faiz hissəsinin ödənilməməsi və futbolçunun vəkilinin kluba qarşı sanksiyaların tətbiq etməsini FİFA İK-ndən tələb etməsi olub.
Öz növbəsində “Xəzər Lənkəran” FİFA İntizam Məcəlləsinin 64-cü maddəsinin 5-ci bəndini rəhbər tutaraq FİFA İntizam Komitəsinin adıçəkilən qərarı barədə CAS-a rəsmi apellyasiya şikayəti ünvanlayıb. Apellyasiya şikayətində klub tərəfindən qərarın mübahisəli hesab edilməsi müvafiq faktlarla əsaslandırılıb. Xüsusilə, futbolçu Romulo Silvanın qanuni təmsilçisi “Guerrero Sports Law” şirkətinin öz müştərisinin iradəsinə əks olaraq hərəkət etməsi vurğulanıb, həmçinin bu şirkətin baş verən texniki qüsur üzündən ödənilməyən nisbətən kiçik məbləğ haqqında kluba yox, birbaşa FİFA İK-ə müraciət etməsi və bu müraciətdə klub haqqında mənfi fikir yaratması qeyd olunub.
Məbləğin ödənilməməsinin texniki səhv ucbatından baş verdiyi də şikayətdə xüsusilə vurğulanıb. 11 yanvar 2012-ci il tarixdə FİFA İK tərəfindən kluba 30 gün müddətində vaxt verilib və 9 fevral 2012-ci il tarixdə klub tərəfindən futbolçuya ödənilməli olan məbləğ və FİFA İK-ə olan cərimələr ödənib. Lakin ödəniş zamanı texniki səhv ucbatından cərimə məbləğinin ödənilməsi həyata keçirilməyib. Bununla belə, kluba bu barədə heç bir məktub daxil olmayıb.
Bundan əlavə 12 mart 2012-ci ildə “Guerrero Sports Law” şirkətinin FİFA İK-ə ünvanlandığı məktubda klubdan xalların çıxalması bu şərtlə xahiş edilib: “Xahiş olunur, debitorun əsas komandasından 6 xal çıxılsın, o halda ki, ödənilməli olan məbləğ bu məktubun FİFA İntizam Komitəsinə daxil olduğu gündən etibarən 3 həftə müddətində ödənilməsə”.
Lakin qeyd olunmalıdır ki, FİFA İK 30 mart 2012-ci ildə artıq adıçəkilən qərarı çıxarıb, bu isə həmin məktubun FİFA İK-ə daxil olmasından maksimum 18 gün sonra deməkdir. Onu da bildirək ki, FİFA-nın çıxardığı qərarda tarix səhvi edilib və sənəddə ümumiyyətlə 31 oktyabr 2011-ci il tarixi göstərilib.
Həmçinin 30 mart 2012-ci ilə qədər “Xəzər Lənkəran”a ödənilməyən məbləğin mövcudluğu haqqında “Guerrero Sports Law” şirkəti tərəfindən heç bir müraciət edilməyib. Kluba yalnız 30 mart 2012-ci il tarixdə FİFA İK tərəfindən xalların çıxılması haqqında qərar və 12 mart tarixli yuxarıda qeyd olunan məktub ünvanlanıb ki, elə həmin gün ödənilməli olan bütün məbləğlər tam şəkildə futbolçunun hesabına köçürülüb. Mövcud olan qaydalara əsasən prosedur zamanı tərəflər FİFA-ya məktub göndərdiyi zaman digər tərəfə və müvafiq futbol federasiyasına (hazırkı halda AFFA-ya) məktubun surətini ünvanlamalıdırlar. “Guerrero Sports Law” şirkəti isə bu normanı yerinə yetirməyib.
Bundan əlavə İdman Arbitraj Məhkəməsi Məcəlləsinin 48-ci məcəlləsinə əsasən, “Xəzər Lənkəran” FK FİFA İK-in qərarının icrasının dayandırılmasını, həmçinin, bununla bağlı FİFA İntizam Komitəsindən 25 aprel 2012-ci il müddətinə qədər məsələyə münasibətini bildirməyi xahiş edib.
Prosesin gedişatı barədə davamlı məlumat veriləcək. (klub saytı)
