20 aprel 2012 01:24
Millimizin forvardı fərqləndi, komandası vacib qələbəyə sevindi
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 5-ci turu çərçivəsində “Skonto” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma doğma rəqib meydanında keçirilib. Buna baxmayaraq, liepayalılar çətin rəqiblə görüşdə uğur qazanmağı bacarıblar. Ötən tur doğma meydanda gözlənilməz yenilgi ilə üzləşən Vüqarın komandası həmin məğlubiyyətin əvəzini məhz "Skonto" üzərində qələbə ilə çıxıb. Beləcə “Metallurg” əsas rəqiblərindən birinə ilk məğlubiyyət acısını daddırmaqla turnir cədvəlində bu komandanı qabaqlamağa nail olub.
Qeyd edək ki, Liepaya klubu hazırda 4 oyundan sonra 9 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və keçirilməyən bir oyunu da var. “Skonto” isə 5 oyuna 8 xala 10 komanda arasında 4-cüdü.
Baş məşqçi Vladimir Osipov bu oyunda Vüqara da şans verib. Futbolçumuz həmişəki kimi sonradan – matçın 82-ci dəqiqəsində meydana çıxıb. Əsgərov 90+3-cü dəqiqədə sarı vərəqə almaqla “fərqlənib”.
Latviya çempionatı
5-ci tur
Skonto - Metallurg – 0:1 (0:0)
