20 aprel 2012 17:35
Qurban Qurbanov: Əfran İsmayılov Bakıya qarşı oynamayacaq
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 29-cu turunun “Bakı” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Təəssüf ki, bu oyuna hazırlıq üçün çox az vaxtımız var. İndi Quzanlıya gedirik. Amma belə qrafiklə tez-tez üzləşdiyimiz üçün alışmışıq. Digər tərəfdən rəqibimiz də eyni şərtlər altında hazırlaşır. Bu komanda ilə artıq dörd dəfə qarşılaşdığımız üçün rəqib bizə yaxşı tanışdı. Bu oyun həmin qarşılaşmalar arasında ən çətini ola bilər. Çünki “Bakı” avrokuboklara vəsiqə qazanmaq şansını itirməyib. Ona görə “zolaqlılar” çempionatda da özlərinin ən yaxşı oyunlarını göstərməyə çalışacaqlar. Bu görüşün bizim üçün də böyük əhəmiyyət daşıyır. Çox təəssüf ki, bu oyunda zədə səbəbindən Əfran İsmayılovun xidmətindən yararlana bilməyəcəyik”.
