20 aprel 2012 10:53
Elvin Beqiri: Xəzər-Lənkəran üçün Neftçi ilə oyun finala bərabərdir
“Xəzər-Lənkəran”ın müdafiəçisi Elvin Beqiri azerisport.az-a müsahibəsində futbol üzrə Azərbaycan çempionatının 29-cu turunda “Neftçi”yə qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
- “Neftçi” ilə oyun ərəfəsində komandanın ovqatı necədir?
- 6 xalı alınan komandanın əhvalı necə ola bilər? Məşqçi heyəti oyunçuları özünə gətirmək üçün əlindən gələni edir. Ancaq düzünü deyim ki, bu, elə də asan deyil. Biz bunu gözləmirdik. Bu səbəbdən “Bakı” ilə oyuna normal hazırlaşa bilmədik. Yəqin ki siz hətta topu saxlaya bilməməyimizə də diqqət yetirdiniz.
- Yəni, “Böyük oyun”da “Xəzər-Lənkəran”dan qələbə gözləməyə dəyməz?
- Biz özümüzə gələcəyik. Bu oyun bizim üçün, azarkeşlər üçün prinsipialdır. Bu oyun bizim üçün finala bərabər olacaq. Baxmayaraq ki çempionluğa hətta nəzəri şanslarımız belə qalmayıb. Ancaq hələ avrokuboklara düşə bilərik. Bunun üçün qalan dörd oyunda qələbə qazanmalıyıq. Həm də bizə “neftçi”dən güclü olduğumuzu sübut etmək lazımdır.
- Və 0:5-ə görə əvəz çıxmaq?
- Qolların sayı barədə düşünmürük. Əsas qələbədir. Bu qələbə başqalarından fərqlənəcək. “Neftçi”yə bizim meydanda çempion olmağa imkan verməməliyik.
- Bununla belə, “Neftçi”ni çempionatın favoriti hesab edirsiniz?
- Sözsüz. Onlar demək olar ki, çempiondur. Bütün məsələləri 90% həll ediblər. Qalan dörd oyundan birində qələbə onlara kifayətdir. Ancaq bizim üçün bu görüş yalnız üç xal uğrunda mübarizə olmayacaq.
- “Neftçi”nin heyətində kimi fərqləndirərdiniz? Bu komandanın lider kimdi?
- “Neftçi” əla mövsüm keçirib. Onlar kollektiv futbol oynayır. Gücləri birlikdədir. Ona görə ayrıca kiminsə adını çəkmək olmur.
- Ölkə kubokunun ilk yarımfinal görüşündə “İnter” - “Neftçi” oyununa baxmışdınız?
- Biz məşqdə idik və buna görə oyuna baxa bilmədik. Ancaq nəzərə alsaq ki, “İnter”in meydanında komandalar bir-birinə qol vura bilməyib, bu, “Neftçi” üçün daha sərfəli nəticədir. Mənə elə gəlir ki, “neftçilər” tam gücü ilə oynamayıb.
- Digər yarımfinal cütündə “Qarabağ” - “Bakı” qarşılaşması var. Maraqlıdır ki, “Qarabağ”ın iki oyunun nəticəsinə görə qələbəsi “Xəzər-Lənkəran”ı dördüncü yerdən avrokuboklara çıxara bilər. “Atçılar”a azarkeşlik edirsiniz?
- Bizə dördüncü yeri tutmaq lazımdır. Şəxsən mən “Qarabağ” və ya “Bakı” haqda düşünmürəm. Bizə qələbə qazanmağın gərəkli olduğu dörd oyun keçirmək qalır.
- Yunis Hüseynovun iş üslubuna öyrəşmisiniz?
- Bəli, onun rəhbərliyi altına məşq etmək - ancaq zövq verir. Hər bir oyunçuya yanaşma tərzi var. Qısa müddətə komandanı toplaya bilib. Düşünürəm ki, yeni mövsümdə “Xəzər-Lənkəran” onunla daha da güclü olacaq.
