21 aprel 2012 13:56
“Bu futbolçular bir neçə il sonra Avropada boy göstərəcəklər”
“Çox texnikalı futbolçularınız var. Komandanın fiziki səviyyəsi də yaxşı görünür. İntizamlı komanda yaratmağı bacarmısınız. Əgər oyunçularınız bu templə inkişaf etsələr, Avropa səviyyəli futbolçular olarlar. İnanıram indi meydançada gördüyüm gənc futbolçular yetişərək bir neçə il sonra Avropada boy göstərəcəklər”.
Azerisport.az xəbər verir ki, bu sözləri məşhur almaniyalı məşqçi, Danimarka milli komandasına 11 il rəhbərlik edən, onu ilk dəfə Dünya Çempionatının final mərhələsinə daşıyan, Türkiyə futbolunun inkişafında əvəzsiz rol oynayan, qardaş ölkənin milli komandasına 1990-93-cü illərdə rəhbərlik edən Zepp Piontek deyib. Türkiyədə keçirilən III Beynəlxalq Kuşadası Turnirində yarışın iştirakçısı olan “Qəbələ” U-14 kollektivi ilə görüşdə Piontek məşqçi heyəti ilə fikir mübadiləsi aparıb.
“Qəbələ”nin oyununu izləyən mütəxəssis məşqçilərimizə təklif və məsləhətlərini çatdırıb. Sonda komanda Piontek ilə xatirə şəkli çəkdirib.
