22 aprel 2012 22:55
Araz Abdullayev Super Liqaya məğlubiyyətlə vida etdi (YENİLƏNİB)
Futbol üzrə Yunanıstan Super Liqasında sonuncu - 30-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət millisinin yarımmüdafiəçisi Araz Abdullayevin şərəfini qoruduğu “Panionios” da mövsümdəki son oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə “Asteras” ilə qarşılaşıb. Heç də uğurlu çıxışı ilə seçilməyən Afina klubu çempionatı major notlarla bitirməyə çalışsa da, bunu bacarmayıb və son oyunda da uduzub.
Son oyunda 33 dəqiqə meydanda olan Arazın bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Lakin o, sona qədər ehtiyatda qalıb.
Qeyd edək ki, “Panionios” mövsümü 33 xalla 16 komanda arasında 12-ci yerdə bitirib. “Olimpiakos” 73 xalla qızıl, “Panatinaikos” 66 xalla gümüş, PAOK 50 xalla bürünc medalları qazanıb. “Ergotelis”, “Panaitolikos” və “Doxa Dramaş” Super Liqanı tərk edib.
Yunanıstan Super Liqası
30-cu tur
22 aprel
Asteras - Panionios - 2:0 (1:0)
