23 aprel 2012 17:15
Azərbaycan Asiyanın ən güclüsünə qarşı
Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan milli komandası Yaponiya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma mayın 23-də Yaponiyanın Şizuoka şəhərindəki “Ekopa” stadionunda baş tutacaq.
Yaponiya yığması açıqladığı son reytinq cədvəlində 753 xalla 3-cü pilləni tutur. Yaponlar millimizi düz 70 pillə qabaqlayır. Çünki komandamız hazırda 305 xalla 110-cu yerdə qərarlaşıb. Yaponiyanın FİFA reytinqlərindəki ən yaxşı nəticəsi 1998-ci ilin fevralında qeydə alınıb – 7-cu yer. Ən pi nəticə isə 1992-ci ildəki 66-cı yer olub.
Yaponiya yığması ilk dəfə 1998-ci ildə Dünya çempionatına qatılıb və qrup mərhələsində mübarizəni dayandırıb. 2002-ci ildə Cənubi Koreya ilə birlikdə mundiala ev sahibliyi edən yaponlar H qrupunda Belçika, Rusiya və Tunisi üstələyərək, 1/16 finala çıxsa da, burda Türkiyəyə uduzaraq, mübarizəni dayandırıb. DÇ-2006-da mübarizəni qrup mərhələsində başa vuran yaponlar 4 il sonra CAR-dakı turnirdə yenə 1/16 finala çıxıb. E qrupunda Hollandiya, Danimarka və Kamerunla mübarizə aparan və ikinci olan rəqibimiz 1/16 finalda Paraqvaya penalti seriyasında yenilib.
Yaponiya 7 dəfə qatıldığı Asiya çempionatında 4 dəfə qalib adını qazanıb. Son çempionatın (2011) qalibi olan yaponlar bundan əvvəl 1992, 2000 və 2004-cü ildə qızıl medallara sahib çıxıblar.
Yaponiya FİFA Konfederasiyalar Kubokunda 4 dəfə iştirak edib. 1995-ci ildə qrup mərhələsində “ilişən” rəqibimiz 2001-ci ildə Braziliya, Kamerun və Kanadanı geridə qoyaraq qrup lideri olub. Yarımfinalda Avstraliyanı yenən asiyalılar finalda Fransaya uduzub – 0:1. 2003 və 2005-ci illərdə isə rəqibimiz qrupdan çıxa bilməyib.
Cənubi Asiya təmsilçisi tarixi ərzində 8 dəfə Yay Olimpiya Oyunlarında iştirak edib. 1956, 1996, 2004 və 2008-ci illərdə qrupda qalan yaponlar 1936, 1964 və 2000-ci illərdə 1/4 finala qədər irəliləyib. 1968-ci ildə isə rəqibmiz Olimpiadanın bürünc mükafatını qazanıb.
Yaponiya yığması 1999-cu ildə “Copa America”ya dəvət alıb. Lakin qrup mərhələsində Paraqvay, Peru və Boliviyadan geri qalaraq sonuncu olub.
Yaponiya yığmasına hazırda italiyalı Alberto Zakkeroni başçılıq edir. 59 yaşlı mütəxəssis 2010-cu ildən komandanın baş məşqçisidi. O, əvvəllər İtaliyanın “Milan”, “Lazio”, “İnter”, “Juventus” və başqa klublarına başçılıq edib. 2011-ci ildə Yaponiyanı Asiya çempionatının qalibi edən mütəxəssis məşqçi karyerası ərzində İtaliya A Seriyasının qızıl medalını da qazana bilib.
Millimizin rəqibinin kapitanı Makoto Hasebedi. Karyerasını Almaniyanın “Wolfsburg” klubunda davam etdirən 28 yaşlı yarımmüdafiəçi yığmada keçirdiyi 48 oyunda 2 qol vurub.
Yaponiya yığmasında ən çox oyun keçirən futbolçu Masami İharadı. O, 1988-1999-cu illərdə milli formada 122 oyuna çıxıb. Komandanın ən məhsuldar futbolçusu isə 1964-1977-ci illərdə yığmada çıxış etmiş və 61 oyunda 55 qol vurmuş Kunişige Kamamotodu.
Mütəmadi olaraq Yaponiya yığmasına çağırılan futbolçular Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Rəqibimizin futbolçuları Almaniya, İtaliya, Fransa, İngiltərə, Rusiya, Belçika, Hollandiya kimi ölkələrin çempionatlarında top qovurlar.
Dortmund “Borussia”sından Şinji Kaqava, “Stuttgart”dan Şinji Okazaki, “Schalke”dən Atsuto Uçida, “Augsburg”dan Hayime Hosoqay, “Wolfsburg”dan Makoto Hasebe, “Bochum”dan Takaşi İnuy (hamısı Almaniya), Milan “İnter”indən Yuto Naqatomo, “Novara”dan Takayuki Morimoto (ikisi də İtaliya), “Dijon”dan Daysuke Matsuy (Fransa), “Bolton”dan Rio Miyaiçi (İngiltərə), Moskva ÇSKA-sından Keysuke Honda (Rusiya), “Lyerse”dən Eiji Kavaşima (Belçika), “Venlo”dan Maya Yoşida, “Vitess”dən Mike Havenaar və Miçihiro Yasuda (üçü də Hollandiya) Yaponiya yığmasının üzvləridi.
