23 aprel 2012 18:19
Qəbələnin məşqçisi üçün Türk Telekom Arenada plaket (FOTO)
Türkiyənin “Galatasaray” futbol komandasının İstanbuldakı “Türk Telekom Arena”da keçirdiyi ev oyunları öncəsi ənənə halını alan “Galatasaray Efsanelerini Anıyor, Türk Telekom Dünyaya Duyuruyor” layihəsinin bu həftəki qonağı hazırda “Qəbələ” Futbol Akademiyasına rəhbərlik edən Ali Yavaş olub. Azerisport.az xəbər verir ki, Yavaş aprelin 22-də “Fenerbahçe” ilə matçdan əvvəl meydançaya çıxaraq, azarkeşləri salamlayıb.
Mərasimdə sürəkli alqışların müşayiəti ilə ona “Galatasaray”ın vitse-prezidenti Ali Dürüst və klubun idarə heyətinin üzvü Sedat Doğan tərəfindən xatirə plaketi təqdim olunub. Mərasimdə Yavaşla bağlı qısa film də nümayiş olunub.
Qeyd edək ki, Ali Yavaş 1974 - 1979-cu illərdə “Galatasaray”da forma geyib, 1980-ci illərdə klubun idarə heyətində yer alıb, 2002 - 2008-ci illərdə “Galatasaray” Futbol Akademiyasının direktoru kimi türk futboluna bir çox istedadlı futbolçular qazandırıb.
