23 aprel 2012 11:33
“Kiminsə Lənkəranda çempionluğu bayram etməsini görmək istəməzdim”
“Xəzər-Lənkəran”ın yarımmüdafiəçisi Rikardo Qomeş futbol üzrə ölkə çempionatının 29-cu turu çərçivəsində keçirilmiş “Böyük oyun” barədə fikirlərini azerisport.az-la bölüşüb.
- Oyun haqda nə deyə bilərsiniz?
- Çox çətin oyun alındı. Meydana Azərbaycanın iki ən yaxşı komandası çıxdı. Belə oyunlar həmin atmosferdə, dolu tribunalar qarşısında baş tutmalıdır. Düşünürəm ki, üç xala layiq idik.
- Sizin üçün “Neftçi” üzərində ilk qələbə idi.
- Bəli və bu, çox xoşdu. Rəqib çempionluğu demək olar ki, təmin edib. Ancaq bənzər qarşılaşmalar öz əhəmiyyətini itirmir. Heç nəyə baxmayaraq, biz qələbə qazanmalı idik.
- Rəqibiniz qələbəni məhz Lənkəranda qazanmağı çox istəyirdi. Bu, sizi oyuna qədər çox kökləyirdi?
- Adətən belə rəqibə qarşı köklənməni kənarda axtarmaq gərək olmur. Etiraf etməliyəm ki, özümüzdən başqa kiminsə bizim meydanda qələbəni bayram etməsini görmək istəmirdik. Burada ancaq biz sevinə bilərik və sevinməliyik.
- Prinsipial rəqibə vurulan qolun sizi Lənkəran klubunun əsl oyunçusuna çevirdiyini əminliklə demək olarmı?
- (Gülür) Müqaviləmin sonuna qədər mən lənkəranlı olacağam.
- Topu əyninizdəki formanın altına qoyaraq qolu özünəməxsus şəkildə qeyd etdiniz...
- (Gülür) Ailədə artım gözləyirəm. Vurulan qolu üçüncü uşağıma həsr etməyi qərara aldım. Hətta belə anlarda ailə haqda düşünməyə bilmirsən.
- Qələbəyə baxmayaraq sizin komandanın avrokuboklara düşmək şansı hələ də çox deyil...
- Əgər qalan üç oyunu qazansaq, əminəm ki, Avropa liqasına düşəcəyik. Bu, bizim üçün çox vacibdir. “Xəzər-Lənkəran” avrokuboklarsız qalmamalıdır. Qarşıda kimin avrokuboklara layiq olduğunu aydınlaşdıracaq üç oyun var.
