23 aprel 2012 12:51
Flavinyo üsyan etdi: Buna son qoyulmalıdı
"Neftçi"nin futbolçusu Flavinyo Premyer Liqanın 29-cu turunun "Xəzər Lənkəran"la oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Xəzər Lənkəran”la oyunumuzun gərgin alınacağını bilirdik. Qələbə qazansaydıq, çempionluğumuzu vaxtından əvvəl rəsmiləşdirəcəkdik. Lakin ilk dəqiqələrdən hakim birtərəfli qərarlar verməyə başladı. Rəqib futbolçular mənə qarşı çox kobud oynayırdı. Bütün matç ərzində məni "sındır"maqla məşğul idilər. Hakim də buna hər dəfə göz yumurdu. Hətta mənə qarşı kobudluqdan sonra yıxılsam da, Elçin Məmmədov simulyasiya etdiyimi əsas gətirərək mənə sarı vərəqə göstərdi. Nəticədə mən növbəti görüşdə meydanda olmayacağam. Bu hakim "Bakı" ilə qarşılaşmada da mənə qarşı rəqibin açıq-aşkar kobudluğunu görməməzliyə vurmuşdu. Mənə elə gəlir ki, buna bir son qoyulmalıdı".
