24 aprel 2012 14:42
AFFA Elçin Məmmədovun səhvini üzə çıxardı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 29-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Rəvan” – “Turan” matçında “Turan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 60-cı dəqiqəsində “Rəvan”ın futbolçusu Taqim Novruzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Simurq” – “Sumqayıt” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 54-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Eşqin Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub. Matç başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın baş məşqçisi Bernard Raab mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.
“Qarabağ” – “Bakı” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“İnter” – “Qəbələ” matçının 81-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Mahir Şükürov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub. Matçın 73-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Flavinyoya simulyasiyaya görə sarı vərəqə göstərilmişdi. Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı və hakimin qərarının yanlış olduğu aşkar edilib. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilib.
Matçın hakimlərinin idarəçiliyini Hakimlər Komitəsi dəyərləndirdikdən sonra bu haqda İntizam Komitəsinə məlumat versin.
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan kubokunun ½ final mərhələsinin “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
