24 aprel 2012 15:39
AFFA Neftçiyə texniki məğlubiyyət verdi
AFFA “Neftçi” PFK-ya sərt cəzalar kəsib. Azerisport.az xəbər verir ki, bu haqda İntizam Komitəsinin bu gün baş tutan iclasında qərar qəbul olunub. Qərarda aşağıdakılar göstərilir:
23 aprel 2012-ci il Həvəskarlar arasında ölkə birinciliyinin UGİM (Sumqayıt) – “Neftçi” PFK oyununun 82-ci dəqiqəsində “Neftçi”nin baş məşqçisi Şahin Şahhüseynli meydançaya daxil olaraq oyunun gedişinə mane olub. Bununla yanaşı “Neftçi”nin futbolçuları Fariz Nəcəfovla Elşən İsmayılov hakimləri təhqir ediblər. Bu hadisələrdən sonra “Neftçi” meydanı tərk edib və oyunu davam etdirməyib.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
“Neftçi”nin hər iki futbolçusu hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb.
“Neftçi”nin baş məşqçisi Şahin Şahhüseynli texniki zona qaydalarını pozduğuna görə 1 oyunluq cəzalanıb.
“Neftçi” heç bir səbəb olmadan meydanı tərk etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan əlavə 22 aprel 2012-ci il tarixdə U-14 Liqasının AZAL – “Neftçi” AOC matçında “Neftçi” AOC klubu təyin olunmuş vaxtda matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
21 aprel 2012-ci il tarixdə isə U-13 Liqasının “Bakı 008” – “Təhsil” UGFM matçında “Təhsil” UGFM klubu təyin olunmuş vaxtda matçda iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
