24 aprel 2012 18:44
Flavinyo: İnanırdım ki, ədalət bərpa olacaq
"Neftçi"nin futbolçusu Flavinyo İntizam Komitəsinin qərarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, “Xəzər Lənkəran”la oyunda aldığı sarı vərəqəsi ləğv olunan braziliyalı futbolçu bunları dilə gətirib:
"Buna qədər də Elçin Məmmədovun idarəçiliyi ilə keçirdiyimiz oyunlarda da rəqib futbolçular mənə qarşı amansız davranmışdılar. Hətta bir görüşdə ağır zədə almışdım və bəxtim gətirmişdi ki, ayağım sınmamışdı. "Xəzər Lənkəran"la oyunda da Elçin Məmmədov utanmadan, haqsız yerə mənə sarı vərəqə göstərdi. Həmin epizodun kadrlarına baxarkən də dediklərim təsdiqini tapır. Buna görə də mənə göstərilən vərəqənin ləğv olunacağına inanırdım. Komanda rəhbərliyi və futbolçu dostlarım da sona kimi yanımda oldu. AFFA-nın İntizam komitəsi haqlı olduğumu qərarı ilə təsdiqlədi. "Neftçi" ilə müqaviləmin bitməsinə hələ iki il var. Bu müddətdə də çalışacam ki, gözəl oyun nümayiş etdirib, komandamızın uğurlarında pay sahibi olum".
