26 aprel 2012 00:03
8 illik həsrətə son və ya Bakısayağı sürpriz
Ötən gün futbol üzrə Azərbaycan Kubokunun finalçıları müəyyənləşdi. Azerisport.az xəbər verir ki, yarımfinalın hər iki cavab oyunu eyni gündə keçirildi.
Səfərdəki ilk oyunda qələbə qazanan “Qarabağ” 3 gün ərzində “Bakı” ilə Quzanlıda ikinci dəfə qarşılaşdı. Ağdamlıların Premyer Liqadan Avropa Liqasına vəsiqə qazanmaq şansı çox olsa da, “Bakı” üçün bu, son şans idi. Çünki paytaxt klubu finala çıxa bilməsə, Avropadan kənarda qalacaqdı. Kubokun ilk oyununda 0:1 hesabı ilə yenilən “Bakı”lılar Premyer Liqa oyununda “Qarabağ”a 4:2 hesabı ilə qalib gəlmişdi ki, bu da onların ötən gün keçirilən oyunda istədikləri nəticəni əldə etmələrinə inamı artırırdı.
“Bakı” gözlənilən oyunu sərgiləməyi bacardı. İlk dəqiqələrdən irəli atılan futbolçuların cəhdləri nəticə verməsə də, 38-ci dəqiqədə qonaqlar hesabı açdılar. Mario Lukas Horvat fərqləndi. Bu, oyunun əsas vaxtındakı yeganə qol oldu. İki oyunun nəticəsinə görə hesab bərabər olduğundan (1:1) qalibi müəyyənləşdirmək üçün əlavə vaxt elan olundu. Lakin bu dəfə də qapılara yol tapan olmadı. Belədə qalib penalti seriyasında müəyyənləşdi. Bu zaman “Bakı”nın futbolçuları daha dəqiq oynayaraq penalti seriyasında 5:4, ümumi nəticədə isə 6:5 hesabı ilə qalib gələrək finala çıxdılar. “Qarabağ”ın heyətində Rəşad Sadiqovun zərbəsi dəqiq olmadı. Kapitanın zərbəsini Aqil Məmmədov dəf etməyi bacardı.
Digər yarımfinal oyununda isə “Neftçi” ilə “İnter” qarşılaşdı. Bu oyun hər iki komanda üçün önəmliydi. Premyer Liqada keçirilən son iki oyunda “Neftçi”yə yenilən “İnter” həm revanş almağa, həm də kubokun finalına çıxıb ən azı ötən ilki uğuru təkrarlamağı hədəfləmişdi. “Neftçi”nin məqəsdi isə başqa idi. Çempionluğu böyük ölçüdə təmin etmiş Böyükağa Hacıyevin yetirmələri mövsümü “qızıl dubl”la bitirmək istəyir. Bu səbəbdən də hər iki komanda meydana iddialı çıxmışdı. Oyunda hesab 22-ci dəqiqədə açıldı. Bahodir Nasimovun yoxluğunda heyətə düşən Cavid İmamverdiyev fərqləndi. Bundan sonra oyunda qol olmadı və oyun bu hesabla da yekunlaşdı. Bununla da "Neftçi" 8 illik fasilədən sonra Azərbaycan kubokunun finalına yüksəldi.
Beləliklə, Azərbaycan kubokunun 2011/2012 mövsümünün finalında “Neftçi” və “Bakı” qarşılaşacaq. Ötən gün baş tutan yarımfinal oyunları həm də avrokuboklara yollanacaq daha bir komandanın adına böyük ölçüdə aydınlıq gətirmiş oldu. Belə ki, Premyer Liqada uğursuz çıxış edən “Bakı” Avropa Liqasına bir az da yaxınlaşdı.
Paytaxt klubu kubokun finalına vəsiqə qazanmaqla demək olar ki, bu vəzifənin öhdəsindən demək olar ki, gəlib. “Bakı”nın kubokun finalındakı rəqibi “Neftçi” çempionluğa əsas namizəd olduğundan kubokun finalçısı Avropa Liqasına yollanacaq. “Neftçi” çempionluğu rəsmiləşdirən kimi “Bakı”nın da Avropa Liqasına vəsiqəsi rəsmiləşəcək.
Bu daha çox “Xəzər Lənkəran”a sərf etməyib. Belə ki, Premyer Liqanın turnir cədvəlində 4-cü pilləni tutan “Xəzər Lənkəran”ın işi çətinləşib. Artıq 4-cü yerin Avropaya getməyəcəyi dəqiqdi. İndi “Xəzər Lənkəran”ın avrokuboklara vəsiqə qazanmaq şansı daha azdı. Lənkəran klubu bunun üçün qarşıdakı 3 turda “Qarabağ”ı 3-ü pillədən sıxışdırıb çıxarmalıdı. Lənkəranlıları növbəti turlarda “İnter”lə səfərdə, “Qəbələ” və “Qarabağ”la evdə oyunlar gözələyir.
Azərbaycan Kuboku
Yarımfinal (Cavab oyunları)
25 aprel
Qarabağ – Bakı - 0:1 (penaltilərlə 4:5)
(ilk oyun 1:0)
Qol: Mario Lukas Horvat, 38.
Dəqiq olan penaltilər: Vaqif Cavadov, Maksim Medvedev, Namiq Yusifov, Rəşad Sadıqov - Aleksandr Soliç, Deyvidas Çesnauski, Cəmşid Məhərrəmov, Mario Lukas Horvat, Nenad Kovaçeviç.
Dəqiq olmayan penaltilər: Rəşad Sadiqov.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov (k), 9. Bəxtiyar Soltanov (6. Rəşad Sadiqov, 63), 11. Rauf Əliyev (17. Vüqar Nadirov, 118), 14. Rəşad Sadıqov, 19. Muarem Muarem (22. Əfran İsmayılov, 66), 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 4. Zaur Həşimov, 18. İlqar Qurbanov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 16. Aqil Məmmədov, 3. Denis İvanovs, 6. İbrahim Karqbo, 7. Deyvidas Çesnauskis, 8. Juninyo, 10. Lukas Mario Horvat, 15. Cəmşid Məhərrəmov (k), 24. Nenad Kovaçeviç, 25. Şəhriyar Əliyev, 30. Maris Verpakovskis ( 77. Aleksandr Soliç, 17), 36. Uinston Parks (98. Serxio Kontreras (Koke), 59// 99. Rəhman Hacıyev, 120).
Ehtiyat oyunçular: 1. Marko Şarliya, 11. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 32. Savinov Aleksey.
Məşqçi: Novruz Əzimov.
Sarı vərəqələr: Namiq Yusifov, 41 (qeyri-idman hərəkəti). Muarem Muarem, 70 (qeyri-idman hərəkəti). Rəşad Sadiqov, 90+2 (qeyri-idman hərəkəti) – Şəhriyar Əliyev, 33 (qeyri-idman hərəkəti). Lukas Mario Horvat, 62 (qeyri-idman hərəkəti). Cəmşid Məhərrəmov, 70 (qeyri-idman hərəkəti).
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Nahid Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Quzanlı qəsəbə stadionu. 2000 tamaşaçı.
Neftçi – İnter - 1:0
(ilk oyun 0:0)
Qol: Cavid İmamverdiyev, 22.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavko Georgievski, 9. Flavinyo, 11. Cavid Hüseynov, 15. Ruslan Abışov (k), 18. Ruslan Əmircanov, 22. Fərid Quliyev, 25. Cavid İmamverdiyev (8. Elşən Abdullayev, 85), 32. Elvin Yunuszadə.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev , 2. Rail Məlikov, 24. Malik Babayev, 26. Kərim Diniyev, 29. İlham Allahverdiyev, 33. Orxan Bəşirli.
Baş məşqçi: Böyükağa Hacıyev.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 8. Nizami Hacıyev (6. Samir Zərgərov, 46), 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 15. Vladimir Levin (k), 18. İlia Kandalaki, 20. Girts Karlsons, 21. Arif Daşdəmirov, 22. Peter Çrappan (28. Baçana Tsxadadze, 71), 25. İbrahima Niasse (14. Peter Zlatinov, 63).
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 10. Asif Mirili, 30. Danildo Assioli.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Peter Çrappan, 65 (qeyri-idman hərəkəti). Valeri Abramidze, 77 (əl ilə oyun).
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Namiq Hüseynov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1000 tamaşaçı.
