26 aprel 2012 16:24
Mpenza Neftçidən 700 000 dollar tələb edir
“Neftçi”nin sabiq hücumçusu Emil Mpenza “ağ-qaralar”dan kompensasiya almaq iddiasındadı. Azerisport.az xəbər verir ki, belçikalı forvard keçmiş komandasından 700 min dollar tələb edir.
Artıq futbolçunun meneceri bəyan edib ki, bu məqsədlə FİFA-nın mübahisəli məsələlərin həlli üzrə palatasına müraciət ediblər və sözügedən qurum Azərbaycan klubunu məsuliyyətə cəlb edəcək.
Qeyd edək ki, Mpenza “Neftçi”yə 2010/11 mövsümün başlanğıcında transfer olunmuşdu. Antalya toplanışında paytaxt klubunun sıralarına cəlb olunan futbolçu qarşı tərəfin müqavilə təklifini qəbul etmişdi. Bu mövsümün əvvəlindən etibarən isə əsas heyətə düşməyə çətinlik çəkən futbolçu Böyükağa Hacıyevin qərarına əsasən qış fasiləsində transferə çıxarıldı.
Mpenzanın agenti isə müqavilənin birtərəfli qaydada ləğv olunduğunu iddia edir. Bu üzdən də belçikalılar müqavilənin geridə qalan 18 ayı üçün 700 min dollar kompensasiya tələb edirlər.
