26 aprel 2012 00:54
Əfran İsmayılov üçün mövsüm erkən bitdi
“Qarabağ” mövsümün həlledici dönəmində ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu aparıcı yarımmüdafiəçisi Əfran İsmayılovun xidmətindən məhrum olub.
Belə ki, ötən gün keçirilən kubokun yarımfinal mərhələsinin “Bakı” ilə cavab matçının 66-cı dəqiqəsində Muarem Muaremin əvəzinə meydana çıxan futbolçu zədələnib. Əfranın zədəsinin ciddi olduğu müəyyənləşib.
İlk ehtimallara görə, millimizin üzvü ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. Bu üzdən o, mövsümün qalan oyunlarında da iştirak edə bilməyəcək.
