27 aprel 2012 02:11
DÇ-2012-nin Sumqayıt gəncləri üçün təqdimatı
FIFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri “Sumqayıt” Futbol Klubunun təşəbbüsü və “Sağlam Düşüncə” Gənclər Təşkilatının dəstəyi ilə Sumqayıt gəncləri ilə 2 may saat 15.00-da “Azərikimya” İstehsalat Birliyinin akt zalında görüş keçirəcək. Azerisport.az xəbər verir ki, görüşdə çempionatın ümumi tanıtımı və könüllülük proqramının təqdimatı, böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqda məlumat veriləcək.
Tədbirdə iştirak edənlər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumat əldə edə biləcəklər.
Tədbirdə həmçinin dünya çempionatında gənclər üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumat veriləcək. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıracaq Sumqayıt sakinləri dünya çempionatının rəsmi markalarını özündə əks etdirən müxtəlif növ hədiyyələrlə mükafatlandırılacaq.
