28 aprel 2012 13:12
Kamran Ağayev: Mənə XL-dan da çox pul təklif edən klublar var
Futbol üzrə Azərbaycan yığmasının və “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayev gələcək karyerası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində klubuyla hələ də yeni müqavilə imzalamadığını bildirən millimizin üzvü bunları dilə gətirib:
“Bəli, klubla hələ yeni müqavilə bağlamamışam. Amma danışıqlarımız olub. Rəhbərlik məni yenə komandada saxlamaq istəyir. Bu üzdən də hazırda müqavilənin detallarını müzakirə edirik. Fikrimcə, nəticədə “Xəzər Lənkəran”da qalacağam. Hazırda əsas məsələ müqavilənin bir və ya iki illik olmasıdı. Düzdü, hər bir futbolçu legioner həyatı yaşamaq istəyir. Sadəcə, bəzi problemlərə görə mən ölkə xaricinə gedə bilmirəm. Halbuki, yerli klublarla yanaşı əcnəbi komandalardan da dəvətlər almışam. Yerli komandalarla ümumiyyətlə danışıqlar aparmıram. Həmişə demişəm ki, Lənkəran mənim evimdi. Çoxları düşünür ki, mən yalnız burdakı maliyyə şərtləri yaxşı olduğu üçün xaricə getmirəm. Amma bu, belə deyil. Klublar var ki, mənə “Xəzər Lənkəran”dan da çox pul təklif edirlər. Lakin mən komandamı tərk etmək istəmirəm. Əgər xaricə getmək alınmasa, klub rəhbərliyi məni saxlamaq istəsə, qalacağam. Avropaya gəlincə, ölkə xaricində nə vaxtsa mütləq çıxış edəcəm. Sonra deməsinlər ki, Kamran söz verdi, amma etmədi”.
