29 aprel 2012 02:10
Millimizin forvardı 90 dəqiqə oynadı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərov Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, o, ölkə çempionatının 7-ci turu çərçivəsində “Gulbene” ilə görüşün iştirakçısı olub.
Qarşılaşma doğma meydanda keçirilib. Lakin buna baxmayaraq, liepayalılar autsayderlə görüşdə şok məğlubiyyətlə üzləşiblər. Maraq üçün qeyd edək ki, “Gulbene” bu oyun öncəsində 6 oyuna 2 xalla 10 komanda arasında sonuncu idi və qələbə qazanmayan iki kollektivdən biriydi. Amma "Metallurg" üzərində qazanılan qələbə bu komandanı 9-cu pilləyə çxarıb.
Liepaya klubu isə hazırda 6 oyundan sonra 10 xalla turnir cədvəlinin 6-cı pilləsinə düşüb. Komanda lider "Skonto"dan 4 xal geri qalır.
Baş məşqçi Vladimir Osipov bu oyunda Vüqara da şans verib. Millimizin üzvü bu mövsüm ilk dəfə start heyətində meydana çıxdığı görüşü əvəzedilmədən keçirib. Lakin futbolçumuz 90 dəqiqə ərzində demək olar ki, heç nə ilə yadda qalmayıb.
Latviya çempionatı
7-ci tur
28 aprel
Metallurg - Gulbene - 0:1
