29 aprel 2012 13:37
Azərbaycan Türkiyə səddini iki qolla keçdi (YENILƏNİB)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Almatı şəhərində təşkil olunan “Prezident kuboku” turnirində iştirakını davam etdirir. Azerisport.az xəbər verir ki, yığmamız bu gün turnirdə ikinci oyununu keçirib.
Təbriz Həsənovun komandasının bu dəfəki rəqibi Türkiyə yığması idi. Bu beynəlxalq turnirin son qalibi olan millimiz Gürcüstanla oyunda qazandığı (1:0) uğurun davamını bu görüşdə də gətirib. Görüş komandamızın qələbəsiylə başa çatıb. Qolları Elnur Cəfərov və Mahir Mədətov vurub.
Qeyd edək ki, Azərbaycan yığmasının qrupunda digər rəqiblər də qonşu ölkə təmsilçiləridi - Gürcüstan və İran. Bu komandalar da öz aralarındakı münasibətlərə aydınlıq gətiriblər. İranlılar Türkiyənin ardınca gürcüləri də məğlub ediblər - 5:1.
Yığmamız turnirdə növbəti oyununu mayın 1-də, Bakı vaxtı ilə saat 12:00-da məhz lider İran yığmasına qarşı keçirəcək.
Prezident kuboku
Qrup mərhələsi
29 aprel
Türkiyə - Azərbaycan - 0:2 (0:1)
Yığmamız 17-ci dəqiqədə hesabı açır - 0:1
78-ci dəqiqədə futbolçularımız ikinci qola sevinirlər - 0:2
