28 aprel 2012 00:07
Hər şeyin sonu, yoxsa intriqaya davam?
Bu gün və sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, turun iki görüşü şənbə, qalan dördü isə bazar gününə təsadüf edəcək.
İlk oyun günü autsayderlər üz-üzə gələcəklər. “Turan” “Sumqayıt”ı, “Rəvan” “Kəpəz”i qəbul edəcək. Bu mənada daha çox son iki pillənin sahiblərinin mübarizəsi daha maraqla gözlənilir. Məlum olduğu kimi, uzun müddət sonuncu pillədə olan “Turan” final mərhələsinin startından bəri inamlı oyunu ilə seçilir və məğlubiyyət tanımır. Nəticədə Əsgər Abdullayevin komandası nəinki zirzəmidən çıxdı, hətta “Sumqayıt”ı qabaqlamağa da nail oldu. İndi Bernard Raabın komandası əsas rəqibinə çatmaq üçün mütləq öz aralarındakı oyunda qalib gəlməlidi.
Lakin bu, çox çətin görünür. Çünki tovuzlular doğma meydanda baş tutacaq görüşdə növbəti qələbələrini qazanaraq, “Sumqayıt”dan daha da aralanmağa çalışacaqlar. Özü də təsnifat mərhələsində keçirilən Tovuzdakı görüşdə də qələbə məhz “Turan”ın olmuşdu – 1:0. Düzdü, Sumqayıtdakı oyunda da meydan sahibləri eyni hesabla qələbə qazanmışdılar. Amma tovuzlular final mərhələsindəki səfər oyununda xal qazanmağa nail olmuşdular – 1:1.
“Kəpəz” – “Rəvan” görüşlərində isə maraqlı tendensiya var. Belə ki, indiyə qədər bu komandalar arasında baş tutmuş hər üç oyunda gəncəlilər qələbə qazanıblar. “Kəpəz” nə qədər uğursuz mövsüm keçirsə də, “Rəvan” nə qədər özündən güclü komandalara zərbə vurmaqla yadda qalsa da, tərəflərin öz aralarındakı görüşlərdə bir qayda olaraq bölgə klubunun 3 xala sevinməsi diqqət çəkməyə bilməz. Bu dəfə isə Bakı təmsilçisi nəhayət bu sindroma son qoymağa çalışacaq. Müvafiq olaraq 2:3, 0:1 hesablı səfər, 1:2 hesablı ev məğlubiyyətlərinə üzülən “sarı-qırmızılar” revanş almaqla həm də 7-ci pilləyə qalxmaq şanslarını qoruyub saxlamış olacaq. Xal itirəcəyi halda isə çətin ki, “Rəvan” artıq ikinci altılığın liderliyinə ümid bəsləyə bilsin. “Kəpəz” isə uğurlu seriyanın davamını gətirməklə özündən 5 xal öndə olan paytaxt təmsilçisinə yaxınlaşmağı hədəfləyib.
İkinci altılıq çərçivəsində daha bir görüş bazar günü oynanılacaq: AZAL doğma meydanda “Simurq”u qəbul edəcək. Bu komandaların da cari mövsümkü duellərində bir qayda olaraq bakılılar qələbə qazanırlar. Doğma meydanda 0:3 və 1:2 hesablarıyla yenilən zaqatalalılar səfərdə də 1:5 hesablı darmadağına üzülmüşdülər. Bu üzdən də Zaqatala klubu səfərdə oynamasına rəğmən, həmin yenilgilərin qisasını almağa, ən azı məğlubiyyət seriyasına son qoymağa çalışacaq. İkinci altılığa inamla liderlik edən AZAL isə zirvədəki yerini möhkəmləndirmək üçün növbəti qələbə hədəfindədi.
İlk altılıq çərçivəsində “Qəbələ” – “Bakı” ilə üz-üzə gələcək. Qəbələdə baş tutacaq görüşdə meydan sahibləri məğlub olsa, avrokuboklara vəsiqə qazanmaq şansını demək olar ki, tam itirəcək. Qələbə qazanacağı halda isə Fatih Kavlakın komandası “Bakı”nı altılığın zirzəmisinə yuvarladıb olub, medalçılar sırasına az da olsa, yaxınlaşmış olacaq. Aydın məsələdi ki, mümkün heç-heçə tərəflərdən heç birinə sərf etmir. “Bakı” qələbə qazanacağı halda isə bu klublar arasındakı xal fərqi beşə qalxacaq.
Qeyd edək ki, “Bakı” artıq kubokun finalına vəsiqə qazandığından və “Neftçi”nin çempionluğunu rəsmiləşdirəcəyi halda avtomatik olaraq Avropa Liqasına getmək hüququna yiyələnəcək. Bu üzdən də “zolaqlılar”ın çempionatda mükafatçılar sırasına düşməsi o qədər prinsipial əhəmiyyət daşımır. Paytaxt klubu sadəcə mövsümü üst pillələrdə bitirmək üçün çalışa bilər. Maraq üçün xatırladaq ki, bu mövsüm tərəflər arasında Qəbələdə baş tutan ilk görüşdə hesab açılmamışdı - 0:0. Bakıdakı oyunlarda isə meydan sahibləri eyni hesabla qələbə qazanmışdılar - 2:1. Bu üzdən bölgə təmsilçisi bu rəqibi üzərində qələbə həsrətinə də son qoymaq haqda düşünməlidi.
Daha bir görüş “İnter”lə “Xəzər Lənkəran” arasında baş tutacaq. Bu görüşdə qələbə xüsusilə cənublular üçün çox vacibdi. Çünki FİFA-nın ləğv etdiyi 6 xalı geri qaytarılandan sonra çempionluq şansı da yaranan “ağ-yaşıllar” bundan maksimum yararlanmaq üçün mövsümün qalan hər üç oyununda qələbə qazanmağa borcludu. Bu yolda ilk sədd təbii ki, “İnter”di. Paytaxt klubu bu mövsüm doğma meydanda bu rəqibi üzərində qələbə qazanmağı bacarıb - 1:0. “Bankirlər” hətta səfərdə də “Xəzər Lənkəran”a eyni hesabla qalib gəlmişdi. Amma final mərhələsindəki ev oyununda “Xəzər Lənkəran” həmin yenilgilərin əvəzini çıxdı - 2:0. Bu dəfə necə olacağı isə maraqla gözlənilir. Mümkün heç-heçə tərəflərdən heç birinə sərf etməyəcək. Bakılılar qələbə qazansa, ikinci pilləyə yüksəlmiş olacaqlar.
Nəhayət, turun mərkəzi oyununda bütün çempionatlarımızın iştirakçısı olmuş üç komandadan ikisi üz-üzə gələcək. “Neftçi” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Bakılılar digər rəqiblərinin də xal itirməsini arzulamaqla yanaşı qələbə qazanıb çempionluğunu rəsmiləşdirmək istəyir. Amma qələbə Ağdam klubu üçün də hava-su kimi lazımdı. Avrokuboklardan kənar qalmaq təhlükəsiylə üzləşən Qurban Qurbanovun komandası Azərbaycan derbisində qələbə qazanmaqla ilk növbədə medalçılar sırasına qayıtmağı hədəfləyib. Ağdamlılar eyni zamanda özündən öndəki rəqiblərinin xal itkisini də arzulamaq məcburiyyətində qalıb.
Premyer Liqa
30-cu tur
28 aprel (şənbə)
Turan - Sumqayıt
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.
Rəvan - Kəpəz
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov
Bakı. Dalğa Arena. Saat 16:30.
29 aprel (bazar)
Qəbələ - Bakı
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Asim Xudiyev.
Qəbələ. Şəhər stadionu. Saat 17:00.
Neftçi - Qarabağ
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Xaqani Məmmədov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:00.
AZAL - Simurq
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. AZAL Arena. Saat 18:15.
İnter - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. "Şəfa" stadionu. Saat 19:00.
|
1
|
Neftçi
|
29
|
19
|
3
|
7
|
53 - 26
|
27
|
60
|
|
2
|
Xəzər L
|
29
|
16
|
6
|
7
|
39 - 26
|
13
|
54
|
|
3
|
İnter
|
29
|
15
|
7
|
7
|
28 - 20
|
8
|
52
|
|
4
|
Qarabağ
|
29
|
14
|
8
|
7
|
34 - 22
|
12
|
50
|
|
5
|
Bakı
|
29
|
14
|
5
|
10
|
40 - 31
|
9
|
47
|
|
6
|
Qəbələ
|
29
|
13
|
6
|
10
|
37 - 31
|
6
|
45
|
|
1
|
AZAL
|
29
|
11
|
7
|
11
|
43 - 43
|
0
|
40
|
|
2
|
Rəvan
|
29
|
8
|
10
|
11
|
30 - 35
|
-5
|
34
|
|
3
|
Simurq
|
29
|
7
|
8
|
14
|
25 - 40
|
-15
|
29
|
|
4
|
Kəpəz
|
29
|
8
|
5
|
16
|
32 - 48
|
-16
|
29
|
|
5
|
Turan
|
29
|
6
|
6
|
17
|
24 - 38
|
-14
|
24
|
|
6
|
Sumqayıt
|
29
|
5
|
5
|
19
|
23 - 48
|
-25
|
20
|
Bombardirlər:
16 - Bahodir Nasimov (Neftçi).
10 - Tales Şütz, Zohair Benuahi (hər ikisi AZAL), Yuri Fomenko (Kəpəz), Flavinyo (Neftçi).
9 - Dodo (Qəbələ).
